Mahmud Qurbanov Türkiyə mətbuatına müsahibəsində nə danışıb?
07.01.2010 - 10:40
Mahmud Qurbanov Türkiyə mətbuatına müsahibəsində nə danışıb?
“Bakı”nın futbolçusu Mahmud Qurbanov komandası üçün “Birlik kuboku” turnirinin vacib olduğunu düşünür. Apasport.az saytının məlumatına görə, hazırda Türkiyənin Antalya şəhərində olan bakılıların 37 yaşlı yarımmüdafiəçisi orada keçirilən təlim-məşq toplanışının gedişindən məmnundur. Türkiyə mətbuatına açıqlama verən Mahmud belə hazırlıqlardan sonra Moskvada keçiriləcək yarışda uğur qazanmaq iddiasında olduğunu söyləyib.

“Çox yaxşı çalışırıq. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirmək üçün əlimizdən gələni edirik. Azərbaycan çempionatının ikinci yarısından əvvəl “Birlik kuboku”nda uğur qazanmaq istəyirik” - deyə Qurbanov vurğulayıb.

Qeyd edək ki, Unibank Premyer Liqası tarixində həm oyun, həm çempionluq sayında mütləq rekordçu olan Qurbanov heç vaxt “Birlik kuboku”nu qazanmayıb. Bu turnirin qalibi olan “Neftçi” (2006-cı il) və “Xəzər-Lənkəran”ın (2008-ci il) ölkə çempionu qismində Rusiyada keçirilən turnirə vəsiqə əldə etməsində payı olan futbolçu ardından klubdan ayrılıb. Bu səbəbdən “Birlik kuboku”nda əsas mükafata sahib çıxa bilməyən yarımmüdafiəçi ən yaxşı halda turnirin ikincisi olan “Neftçi”nin 2005-ci ildə finala çıxmasına sevinib.