“Qalatasaray” şokda!
07.01.2010 - 10:55
“Qalatasaray” şokda!
Portuqaliyalı futbolçu Rikardo Koşta İstanbulun “Qalatasaray” klubunun rəhbərliyini şoka salıb. Apasport.az saytının məlumatına görə, “Cim Bom”un transfer etmək istədiyi müdafiəçi öncə bununla razılaşsa da, ardından heç kimin gözləmədiyi halda qarşı tərəfə rədd cavabı verib.

Halbuki “Qalatasaray” rəsmiləri “Volfsburq”un şərəfini qoruyan 28 yaşlı futbolçunun meneceri ilə transferin məbləğini də razılaşdırmışdılar. Buna əsasən, “Volfsburq”a 500 min avro təzminat ödəniləcəkdi və əcnəbi oyunçu ilə 2,5 illik müqavilə bağlanacaqdı. İstanbul klubunun rəsmi nümayəndəsi Haldun Üstünəl növbəti dəfə Rikardonun meneceri ilə danışıqlar masası arxasına oturaraq, hər şeyi razılaşdırıb.

Müqavilənin imzalanmasının gözlənildiyi vaxt isə Koşta qərarını dəyişib. O, İspaniyanın “Valensiya” komandasına keçib. Futbolçu bunu İspaniyanın qonşu ölkə olması və “Valensiya”nın ona daha uzun müddətə - 3,5 illik razılaşma təklif etməsi ilə əlaqələndirib. Nəticədə səs-küylü transferi gerçəkləşdirmək üzrə olan “Qalatasaray” rəhbərliyi əliboş qalıb.