Poborski: Yaxşı ki, Azərbaycan yığması bizə dərs keçdi
08.01.2010 - 12:25
Poborski: Yaxşı ki, Azərbaycan yığması bizə dərs keçdi
Azərbaycan milli komandasının ötən ilin noyabrında BƏƏ-də keçirilən turnirdə Çexiyanı məğlub etməsini bu ölkədə hələ də unuda bilmirlər. Apasport.az saytının məlumatına görə, çex futbolunun əfsanələrindən sayılan Karel Poborski əksər həmyerlilərindən fərqli, yığmamıza məğlubiyyəti müsbət hal kimi dəyərləndirir.

Avro-96-nın gümüş mükafatçısı Çexiyada biabırçılıq kimi qəbul olunan həmin 0:2 hesablı məğlubiyyətin bir “dərs” olduğunu düşünür: “Azərbaycanla qarşılaşmaya baxanda gördüm ki, nə isə heç də yaxşı deyil. Xüsusilə, bəzi oyunçuların meydanda gördükləri işə yanaşması xoşuma gəlmədi. Ad çəkmək istəmirəm. Sadəcə bir şeyi deyim: BƏƏ-dəki yarış öncəsi həmin turnirdə gənc, perspektivli futbolçuların sınanacağı bildirilirdi. Amma biz onu gördük ki, onların bəzilərinin ümumiyyətlə ifaçılıq bacarığı yoxdur. Yəqin ki, mən heç vaxt belələrini heyətə cəlb etməzdim. Əgər bu oyunçunun 25-26 yaşı varsa, onun birdən-birə artıracağını gözləmək düzgün deyil. Çexiya çempionatında özlərini ulduz kimi aparanlar hətta BƏƏ-dəki turnirə də uyğun gəlmirdi. Bu reallıqdır. Yaxşı ki, bu dərsi artıq gördük. Bu təcrübə gələcəkdə xeyrimizə olacaq”.

Qeyd edək ki, Poborskinin yer aldığı Çexiya yığması Avro-96-nın final oyununda Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun o vaxt çalışdırdığı Almaniyaya uduzmuşdu.