Nadir Nəbiyevin “Turan” klubundan gedişinin səbəbi: “Neftçi” ilə şübhəli oyun
08.01.2010 - 13:06
Nadir Nəbiyevin “Turan” klubundan gedişinin səbəbi: “Neftçi” ilə şübhəli oyun
“Turan” klubu kapitanı Nadir Nəbiyevi itirib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı hücumçu karyerasının böyük hissəsini keçirdiyi komandadan ayrılıb.

Əslində, onun qış fasiləsinədək son oyunlarda meydana çıxmadığını, ehtiyatda qaldığını nəzərə alsaq, gedişi gözlənilən idi. Ancaq klubun mətbuat katibi Rasim Əliyev apasport.az-a açıqlamasında Nəbiyevlə vidalaşdıqlarını təsdiqləmədi: “Hələlik bir futbolçu ilə vidalaşmışıq ki, bu da moldovalı hücumçu Oleq Xromtsovdur. Daxili iclasda başqa futbolçunun gedişi ilə bağlı qərar çıxarılmadı. Ancaq yenə gedənlərin olması mümkündür. Konkret Nadirə ilə gəlincə, onunla hələ rəsmən yollarımızı ayırmamışıq”.

Əliyevdən fərqli, Nəbiyev komandadan rəsmən ayrıldığını bəyan edib: “Dünən rəsmən klubdan ayrıldım. Baş məşqçi Nizami Sadıqova dedim ki, mən getmək istəyirəm. İndiki vəziyyətdə “Turan”da oynaya bilmərəm. Məşqçiyə dedim ki, rəhbərlik gərək mənim gedişimə mane olmasın”.

Əslində isə Nəbiyevin gedişinin başqa səbəbi var. Aldığımız məlumata görə, futbolçu ehtiyatda qaldığı şübhəli “Turan” – “Neftçi” oyunundan sonra, kapitan kimi yerli azarkeşlərin qəzəbinə tuş gəlib. Bu səbəbdən futbolçu hələ o vaxt komandadan getmək fikrinə düşüb.

Karyerasında ilk klubu olan “Turan”a ötən qış qayıdan Nadir komandanın Premyer Liqada qalmasında böyük əməyi olub.

Xatırladaq ki, “Neftçi” ilə oyunda 2:0 hesabı ilə öndə olan “Turan” fasilədən sonra 3 top buraxaraq, qələbəni bakılılara hədiyyə etmişdi.