Cavadovla Abışov Çexiyanı “zibilə” salıb
08.01.2010 - 15:00
Cavadovla Abışov Çexiyanı “zibilə” salıb
2010-cu il dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməyən Çexiya milli komandası təzyiqlərdən yaxa qurtara bilmir. Apasport.az saytının məlumatına görə, xeyli vaxtdır ölkə futbolunu yıxıb-sürüyən ölkə mətbuatı “Pribram” klubunun sahibi Yaroslav Starkı da “məşhər ayağına” çəkib.

Çexiya Futbol Federasiyasının İcraiyyə Komitəsinin sabiq üzvü olan Stark isə bu təzyiqlərin dözülməz olduğunu bildirib. Onun fikrincə, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən turnir zamanı Azərbaycan yığmasına 0:2 hesablı məğlubiyyət vəziyyəti daha da gərginləşdirib: “Etiraf edirəm ki, Çexiya idman mətbuatı böyük gücə malikdir. Sizin möhtəşəm “ordu”nuz var. Mən Azərbaycana 0:2 hesablı məğlubiyyətdən sonra baş verənləri təsəvvürümə belə gətirə bilmirəm. Onda siz, mətbuat nümayəndələri bizi, yəni milli assosiasiyanı, İcraiyyə Komitəsini və rəhbərliyini zibilin içinə salıb-çıxardınız. Bir müddət əvvəl yığmanın sabiq baş məşqçisi İvan Qaşekin dövründə milli komanda qəzetlərin üzünə bağlanmışdı. Bəs indi neyləyək?”

Qeyd edək ki, Azərbaycan və Çexiya milli komandaları BƏƏ-dəki turnirin üçüncü yer uğrunda oyununda qarşılaşmışdı. Həmin oyunda yığmamız Vaqif Cavadov və Ruslan Abışovun qolları sayəsində 2:0 hesablı qələbə qazanmışdı.