“Elnurun adını ilk dəfə sizdən eşidirəm”
08.01.2010 - 15:56
“Elnurun adını ilk dəfə sizdən eşidirəm”
“Elnur Allahverdiyevlə maraqlanmağımız doğru deyil. Bu haqda ilk dəfə sizdən eşidirəm”. Bu fikirləri apasport.az saytına eksklüziv açıqlamasında Kiyevin “Arsenal” klubunun baş məşqçisi Aleksandr Zavarov deyib.

Ağdamın “Qarabağ” klubunun və Azərbaycan yığmasının 27 yaşlı sol cinah müdafiəçisi Elnur Allahverdiyevin xeyli vaxtdır Ukrayna Premyer Liqasında mübarizə aparan Kiyev təmsilçisinin maraq dairəsinə düşməsi haqda informasiyalar yayılıb. Buna ötənlərin məşhur futbolçularından olan Zavarovla söhbətdə tam aydınlıq gətirmək olardı. Bu məqsədlə əlaqə saxladığımız 49 yaşlı ukraynalı çalışdırıcı işlərinin çoxluğunu əsas gətirərək, qısa, ancaq konkret danışdı: “Dediyiniz futbolçunun oyununu görməmişəm, heç onu tanımıram. Transfer etmək istədiyimiz futbolçunu gərək tanıyaq, nəyə qadir olduğunu bilək. Yalnız bundan sonra keçidin mümkünlüyü haqda danışmaq olar. Əgər mən Elnuru görməmişəmsə, onun bizə lazım olub-olmamağı haqda necə danışa bilərəm? Bu, mənə çox çətindir”.

Zavarovdan azərbaycanlı futbolçuların transfer planlarına daxil olub-olmamağını da soruşduq: “Futbolçularınızdan kimisə transfer etmək planımız yoxdur”.

Qeyd edək ki, karyerasında ən böyük titulları Kiyev “Dinamo”sunda qazanan Zavarov İtaliyanın “Yuventus” klubunda da çıxış edib.
0