“Xəzər-Lənkəran” istirahətdədirsə, o bizimlə necə məşq edə bilər?”
09.01.2010 - 00:09
“Xəzər-Lənkəran” istirahətdədirsə, o bizimlə necə məşq edə bilər?”
“Düzdür, Fərid Quliyevə marağımız var. Ancaq bu o demək deyil ki, onu transfer edəcəyik. Məndən soruşurlar ki, Fərid məşqlərinizdə iştirak edirmi? Öncə maraqlanmaq lazımdır ki, komandamız hazırlıq keçir, ya yox? “Xəzər-Lənkəran” istirahətdədirsə, Quliyev bizimlə necə məşq edə bilər?” Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Unibank Premyer Liqasının autsayderlərindən olan Sumqayıtın “Standard” klubunun hücumçusu Fərid Quliyev məhsuldarlığı ilə diqqət çəkir. 24 yaşlı futbolçu Mircavadovun maraq dairəsinə düşməyi bacarsa da, təcrübəli mütəxəssis onun keçidi haqda ehtiyatlı danışır: “Bilirsiniz, qış fasiləsində yerli futbolçu almaq çətindir. Çünki əksəriyyətinin komandaları ilə müqavilələri var. Bizdə əsas transferlər yayda - futbolçuların çoxu sərbəst olduğu vaxtda olur. Fəridin də klubu ilə müqaviləsi var. Onunla “Xəzər-Lənkəran”a keçidi haqda söhbətləşməmişik. Bəlkə heç komandamıza gəlmək istəmir? Fəridə marağımız onunla bağlıdır ki, gənc, perspektivli və yerli futbolçudur. Ən əsası, yaxşı qol duyumu var və komandasında ən məhsuldar oyunçudur”.

Mircavadov Quliyevin transferi üçün yay fasiləsini gözləməyi daha məqsədəuyğun sayıb.
0