“Olimpik-Şüvəlan”dan 30 min dollar alacağım var” - MÜSAHİBƏ
09.01.2010 - 00:38
“Olimpik-Şüvəlan”dan 30 min dollar alacağım var” - MÜSAHİBƏ
O, bir vaxtlar “Bakı”nın əvəzedilməz futbolçusu idi. Məhz paytaxt təmsilçisinin heyətində nümayiş etdirdiyi oyuna görə yığmanın da düşərgəsinə dəvət edildi. Lakin “Neftçi”dəki uğursuz mövsüm, eləcə də “Olimpik-Şüvəlan”dakı qeyri-sabit oyunu müdafiəçinin millidən uzaq qalmasına səbəb oldu. Hazırda “Standard”ın formasını geyinən Ramin Quliyev “Futbol dünyası” qəzetinə verdiyi müsahibədə maraqlı fikirlər səsləndirib.

- Ramin, istirahəti harada və necə keçirdin?
- Vaxtımın çox hissəsini Bakıda keçirdim. Amma fürsətdən istifadə edib qısa müddətə olsa da, Qubaya və Nabrana da getdim. Təbii ki, səfərə əvvəlcə ailəmlə, daha sonra dostlarımla yollanmışdım.

- Necə düşünürsən, bu qısa vaxtda tam dincələ bildinmi?
- Demək olar, hə.

- Məşqlərə hazırsanmı?
- Əlbəttə. Artıq iki gündür hazırlığa start vermişik. Yeganə məqsədimiz fasilədən maksimum yararlanıb, bu biabırçılıqdan qurtulmaqdır. Bu gün “Standard” layiq olmadığı yerdədir. İnşallah, komanda əvvəlki nüfuzunu bərpa edəcək.

- Bəs bayramları necə keçirdin? Ümumiyyətlə, artıq tarixə qovuşmuş 2009-cu ili karyera baxımından necə dəyərləndirirsən?
- Ürəkaçan il olmadı. Yəni həm formasını geyindiyim komanda uğursuz çıxış etdi, həm də millidən uzaq qaldım. Allahın köməkliyi ilə 2010-cu ildə özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Buna gücüm və potensialım var. Ən əsası yığmadakı yerimi geri qaytarmaq üçün gücümü səfərbər edəcəyəm. Təbii ki, bunun üçün də çox çalışmaq lazımdır.

- Hansı arzunun həyata keçməməsinə görə təəssüflənirsən?
- Bu günümüzə də min şükür. Ən çox təəssüfləndiyim hal isə iddialı klublardan birinin, eləcə də millinin formasını geyinməməyimdir. Geyinə bilərdim, amma alınmadı. İnşallah, 2010-cu ildə bu uğursuzluqlara son qoyarıq.

- İddialı klubda oynamamağının günahı kimdədir?
- Sözsüz, görünür hardasa müəyyən səhvlərə yol vermişəm. Bu hər futbolçunun başına gələ bilər. Yəni istənilən oyunçu karyerası ərzində qısamüddətli də olsa, eniş dövrü yaşayır. Əsas olan bundan nəticə çıxarmaq və pessimizmə qapılmamaqdır.

- Şəxsi həyatında nə kimi dəyişikliklər oldu?
- Qaydasında gedir. Təxminən 1 ay öncə oğlum dünyaya gəldi. Əlbəttə, bu, bizi sevindirməyə bilməz.

- 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Səncə, futbolçular həmrəylik nümayiş etdirə bildilərmi?
- Məncə, futbolçular həmrəyliyi meydançada nümayiş etdirməlidir. “Ədalətli oyun” qaydalarına riayət etməli, bir-birinə hörmətlə yanaşmalıdır. Ancaq mənə elə gəlir ki, futbolumuzun irəliyə doğru addımladığı açıq-aydın görsənir.

- 2010-cu ildə əsas məqsədin nədir?
- Şərəfini qoruduğum komandanın daha yaxşı nəticə qazanması, eləcə də yenidən hər futbolçu üçün qürur anı sayılan yığmanın formasını geyinməkdir. Yenə deyirəm, buna nail olmaq üçün çalışacağam. Yəni hər şey insanın özündən asılıdır.

- Bir qədər də “Standard” haqqında danışaq. Sumqayıt təmsilçisinin bu cür zəif çıxış etməsinin səbəbi nədir?
- Legioner seçimində yanlışlığa yol verilməsi əsas səbəblərdən biridir. Heyətdə 10-12 əcnəbi futbolçumuz olsa da, onların heç biri komandaya kömək edə bilmədilər. Görmüşük ki, yerli oyunçu legionerdən nəsə öyrənsin. Amma bizdə vəziyyət fərqli idi. Onlar bizdən xəbər alırdılar. Bunu deməklə bütün uğursuzluğu əcnəbilərin üstünə atmaq niyyətində deyiləm. Təbii ki, komanda uğursuz çıxış edirsə, burada yerli futbolçuların da günahı az deyil. Bizim də səhvimiz az olmadı. Bir sözlə, “Standard”ın aşağı pillədə qərarlaşmasında hamımızın səhvi var.

- Mövsümə Valdas İvanauskasın rəhbərliyi altında başladınız, daha sonra Böyükağa Hacıyev komandanın “sükan”ı arxasına gətirildi. Bir vaxtlar “Bakı”da onun rəhbərliyi altında çempion olmusan. Bu məşqçilərin əsas tələbləri nə idi?
- İvanauskasın vaxtında nə iş görməli olduğumuzu, kimin harada oynamalı olduğunu bilən yox idi. Yəni məqsəd məlum deyildi. Hər məğlubiyyətdən sonra oturub təhlil etmək, nəticə çıxarmaq yox idi. Elə ertəsi gün toplaşırdıq bir yerə. O da məğlubiyyəti unudub, qarşıdakı oyuna baxmağın vacib olduğunu deyirdi. Böyükağa Hacıyevə gəldikdə, hazırkı heyəti o yığmasa da, onun gəlişindən sonra daha yaxşı nəticə qazanmağa başladıq. Həm də daha baxımlı futbol nümayiş etdiririk. Məsələn, “Bakı və “Olimpik-Şüvəlan”la sona qədər mübarizə apardıq.

- Hacıyev komandada nəyi dəyişməyə nail oldu?
- Böyükağa müəllim futbolçuların oyuna hazırlanmasına xüsusi diqqət yetirdi. Bundan başqa, İvanauskasın vaxtında biz fiziki hazırlıq keçməmişdik. Aydın məsələdir ki, fiziki hazırlıq keçməyən futbolçu oyunu yüksək səviyyədə keçirə bilməz. Buna görə də 60 dəqiqə oynayırdıq, sonrakı dəqiqələrdə qapımızdan top buraxırdıq.

- Hacıyevin gəlişindən sonra həm də deyəsən, əsas diqqəti kubok oyunlarına yönəldibsiniz? Məsələn, “Turan”ı doğma meydanda 3:1 hesabı ilə məğlub etsəniz də, çempionat oyununda böyük hesabla yenildiniz...
- Çempionatda heç nə edə bilmədiyimizi görüb, gücü kubok oyunlarına verdik. Sumqayıtdakı oyunda rəqib qapısından 3 top keçirdik. Təbii ki, bu da bizdə müəyyən qədər arxayınçılıq yaratdı. Nəticədə gözləmədiyimiz məğlubiyyətlə üzləşdik. 3 gün sonra həmin komanda ilə heç-heçə oynadıq. Halbuki fərqlənmək üçün imkanlarımız oldu.

- “Standard” səncə, fasilədən sonra uğursuzluğa son qoya biləcəkmi?
- Yığılan yeni heyətlə buna nail olacağıq. Bildiyimə görə, Amiran Muciri, Vladimir Mazyar, Vitali Balamestnı “Standard”a keçir. Yerlilərdən Vüqar Quliyevin də komandaya qoşulacağı gözlənilir.

- Bu da faktdır ki, aşağı sıralarda məskunlaşan komandanın hər iki cəbhədə-çempionatda və kubokda paralel mübarizə aparması çətindir.
- Kubok bir oyundur. Həm də finişə elə də çox oyun qalmayıb. Təbii ki, əsas gücümüzü çempionat oyunlarına səfərbər edəcəyik. Məncə, çətin olmayacaq.

- “Standard”ın zəif çıxışını komandanın maliyyə problemləri ilə üzləşməsi ilə də əlaqələndirənlər az deyil. Komandada bu sahədə vəziyyət necədir?
- Bu, əsası olmayan informasiyadır. Klubda elə bir problem yoxdu. Əgər bu olsaydı, mütləq mətbuata deyilərdi. Məsələn, mənim “Olimpik-Şüvəlan”dan 30 min dollar alacağım var. Ancaq buna görə onların qapısını döyməmişəm. “Standard”da elə bir futbolçu yoxdu ki, pulu verilməsin. Şəxsən mənə mövsümün əvvəlində nə söz vermişdilərsə, qəpiyinə kimi ödəyiblər. Azərbaycanda görünməmiş bir şeydi ki, iki ayın maaşını birdən versinlər. Lakin “Standard”ın prezidenti bunu etdi. Yəni komandanın aşağı sıralarda qərarlaşmasının maliyyə ilə heç bir bağlılığı yoxdur. Komandanı futbolçular bu günə qoyub. Bilirsiniz, hər oyuna rəhbərlik yüksək məbləğdə mükafat vəd edir. Sadəcə, biz udmalıyıq ki, həmin mükafata da sahib çıxaq.

- Komandanın rəqiblərini Sumqayıtda qəbul etməsinin oyunlarınıza nə kimi təsiri var?
- Bilirsiniz, müəyyən çətinliklər yaranır. Belə ki, Bakıda məşq edib, oyundan bir gün əvvəl Sumqayıta gedirdik. Bu da hardasa səfərdə oynamaq kimi alınırdı. Çünki səfərə də bir gün əvvəl gedirsən. Məncə, klub harda oynayırsa, oranı bazaya çevirməlidir.

- Yığmanın oyunlarını izləyirsənmi?
- Millinin oyunlarını buraxmaq olar?

- Komandada nə kimi dəyişikliklər var?
- Bu gün çox adam deyir ki, heç bir dəyişiklik yozdur. Ancaq bu yalandır. Çox dəyişiklik var. Milli indi daha rahat, baxımlı futbol nümayiş etdirir. Fikrimcə, Berti Foqtsun postunda saxlanılması düzgün qərardır. Çünki yerinə kimi gətirsələr, həmin məşqçiyə uyğunlaşmaq, eləcə də futbolçuları tanımaq üçün vaxt lazım olacaq. Həm də hər gələn yeni sistem gətirir. Foqtsun izi görsənir. Düzdür, nəticə ürəkaçan deyil. Lakin bu gün hansısa məşqçi gəlib Azərbaycan yığmasını digər komandalar kimi yüksək yerlərə qaldıra bilməz. Buna vaxt lazımdır. Foqts işinin öhdəsindən gələcək.
0