Milli komanda gülləbaran edildi: 1 ölü, 9 yaralı
09.01.2010 - 11:06
Milli komanda gülləbaran edildi: 1 ölü, 9 yaralı
Toqo yığmasının üzvləri gülləbaran edilib. Apasport.az saytının məlumatına görə, bir neçə gün sonra start götürəcək Afrika Kubokuna yollanan komandanı aparan avtobus Anqola sərhədi yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb.

İlkin məlumata görə, avtobusu anqolalı separatçılar pulemyotdan atəşə tutub. Həmin vaxt toqolular Konqodan məşqdən qayıdırlarmış. Atəş nəticəsində avtobusun anqolalı sürücüsü həlak olub, nümayəndənin daha 9 üzvü isə yaralanıb. Toqonun İdman Nazirliyini adı açıqlanmayan nümayəndəsinin sözlərinə görə, daha iki futbolçu ilə iki həkim xəsarət alıb. “Mançester Siti” klubunda çıxış edən Toqo yığmasının lideri Emmanuel Adebayor atışma nəticəsində xəsarət almayıb. Hücumçunun bildirdiyinə görə, 20 dəqiqəyə yaxın davam edən atışma zamanı futbolçular avtobusun oturacaqlarının altında gizlənməyə çalışıblar.

Afrika Futbol Konfederasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Süleyman Hahuba baş verənlərə münasibətini bildirib. O, həmin insidentə görə turnirin təxirə salınmasının mümkünlü ilə bağlı söz-söhbətləri təkzib edib: “Biz hadisənin bütün tərəflərini araşdırmaq niyyətindəyik. Hələ ki, bütün detalları bilmirik. Yalnız KİV-də yayılan məlumatlara əsaslanıb, hadisəyə reaksiya, qiymət verə bilmərik. Əlbəttə, futbolçulara görə çox narahatıq. Ancaq bununla belə, Afrika Kuboku baş tutacaq. Turniri təxirə salmağa heç bir lüzum yoxdur. Yeri gəlmişkən, turnirin reqlamentinə görə, bütün yığmalar Anqolaya təyyarə ilə gəlməlidir, avtobusla yox...”.

Maraqlıdır ki, turnirin təşkilatçıları ilk olaraq silahlı hücum faktını təkzib edirdilər. Onların versiyasına görə, futbolçuların yaralanmasına səbəb təkər şininin partlaması olub. Ancaq sonradan təşkilat komitəsinin mətbuat xidməti futbolçulara silahlı soyğunçuların basqın etdiyini dəqiqləşdirib. İnsidentə dərhal reaksiya bildirən Anqola hökuməti futbolçulara hücumu terror aktı adlandırıb.

Qeyd edək ki, Toqo turnirdə ilk oyununu iki gün sonra Qana yığması ilə keçirilməlidir. Onların digər rəqibləri Burkina-Faso və Kot D’İvuar yığmalarıdır. Baş verənlərə görə çempionatın qrafikində dəyişiklik edilib-edilməyəcəyi hələ bilinmir.
0