Zaur Ramazanovla Emin Quliyevin oynayacağı komanda bəlli oldu
09.01.2010 - 11:32
Zaur Ramazanovla Emin Quliyevin oynayacağı komanda bəlli oldu
“Zaur Ramazanovla Emin Quliyevin xidmətində maraqlıyam. Onların keçidi ilə bağlı danışıqların yaxın vaxtda müsbət yekunlaşacağına inanıram”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Tarixində ən zəif mövsümünü keçirən Yevlax təmsilçisi turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan əyalət komandası heyətini təcrübəli futbolçularla gücləndirməyə çalışır. Hüseynov bu mənada keçmiş komandası “Standard”dan müdafiəçi Emin Quliyevlə hücumçu Zaur Ramazanova köməyinə belə bağlayır: “Hər iki futbolçu ilə söhbətim olub. Onlar komandamızda çıxış etməyə razıdırlar. Baxmayaraq ki, “Karvan” hazırda turnir cədvəlində sonundadır. Eminlə Zaur oynamaq istəyir, komandamıza kömək etməyə hazırdırlar. Biz onları icarəyə götürməyə çalışırıq və müqavilələri olan klublarla danışıqlarımız nəticə verməlidir”.

Qeyd edək ki, Zaurla Emin cari mövsümdə müxtəlif səbəblərdən “Standard”da oynamayıb. Ramazanov müqavilə ilə məxsus olduğu “Qarabağ”a qayıtdığı halda, Quliyevin başı “Xəzər-Lənkəran”la müqavilə məsələsinin həllinə qarışıb.
0