Braziliya yığmasına qarşı oynayan futbolçu Unibank Premyer Liqasında
14.01.2010 - 18:13
Braziliya yığmasına qarşı oynayan futbolçu Unibank Premyer Liqasında
Boliviya milli komandasının futbolçusu Helmut Qutyerres karyerasını Azərbaycanda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Cənubi Amerika ölkəsinin “La-Pas” klubunun prezidenti Mauritsio Qonzales 23 yaşlı yarımmüdafiəçini bir illik icarəyə verdiklərini açıqlayıb.

Artıq gələn həftə ölkəmizə gələcək Helmutun hansı kluba icarəyə verildiyi açıqlanmasa da, Qutyerres legioner həyatı yaşayacağından məmnunluğunu bildirib: “Vətəndən kənarda oynamağım təcrübəmin artırılması baxımından yaxşı olacaq. İcarə müddətim bitəndən sonra karyeramı orada davam etdirməyim, ya da daha güclü çempionatlara keçəcəyim istisna deyil”.

Peşəkar karyerasını 3 il əvvəl “La-Pas”da başlayan Qutyerres bu komandada keçirdiyi 83 oyuna 10 qol vurub. Ötən il sentyabrın 9-da keçirilən dünya çempionatının Ekvadorla seçmə oyununda ilk dəfə Boliviya millisinin formasını geyən yarımmüdafiəçi ümumilikdə əsas yığmada 2 matç keçirib. Son qarşılaşma isə oktyabrın 11-dəki görüş olub. Braziliya milli komandası ilə oyuna start heyətində çıxan Helmut “pentakampeonlar” üzərində 2:1 hesablı qələbədə 90 dəqiqə oynamaqla pay sahibi olub.

Qeyd edək ki, Helmut ölkəmizə üz üz tutan üçüncü boliviyalı futbolçu olacaq. Ona qədər “La-Pas”ın digər oyunçuları Auqusto Andaveris “İnter”, Xulio Sezar “Standard”ın heyətində çıxış edib.
0