“Neftçi”nin qənimi komandasını dəyişdi
15.01.2010 - 16:03
“Neftçi”nin qənimi komandasını dəyişdi
Braziliyalı futbolçu Vaqner Lav “Palmeyras”dan ayrılıb. Apasport.az saytının məlumatına görə, transfer hüquqları Moskva MOİK-inə məxsus olan 26 yaşlı hücumçu Braziliyanın digər komandası “Flamenqo”ya keçib. O, Rio-de-Janeyro klubunda bu ilin iyulunadək oynayacaq. Razılaşmaya əsasən, daha sonra Lav MOİK-in heyətinə qayıtmalıdır.

“Palmeyras” Vaqnerin peşəkar karyerasında ilk klub olsa da (2002-04-cü illər), o, son yarım ili bu komandada icarə əsasında oynayıb və 12 matçda 5 qol vurub. İstedadlı hücumçu elə “Flamenqo”ya da icarəyə verilib.

Qeyd edək ki, Lav Azərbaycanın futbol azarkeşlərinə yaxşı tanışdır. Belə ki, o, MOİK-də ilk matçını 2004-cü ildə Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakının “Neftçi” klubuna qarşı keçirib. Onun Moskvada keçirilən görüşdə debütü uğurlu alınmışdı. Braziliyalı hücumçu rusların qollarından birinə imza ataraq, “Neftçi”nin avrokuboklarda mübarizəni dayandırmasının səbəbkarına çevrilmişdi (0:0; 2:0).
0