“Birlik Kuboku”nda 34 qəpiklik oyun
15.01.2010 - 16:17
“Birlik Kuboku”nda 34 qəpiklik oyun
“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinə biletlərin qiyməti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Bakı”nın da qatıldığı yarışın qarşılaşmaları demək olar ki “su qiymətinə” olacaq.

Bu biletlər konkret oyunlar üçün deyil, bir gün üçün nəzərdə tutulub. “Olimpiyski” kompleksinə bir günlük giriş 150 (4 manat 8 qəpik), “Dinamo” manejinə isə 50 (1 manat 36 qəpik) Rusiya rubludur. Bu məbləği ödəyənlər qrup mərhələsi və 1/4 finalda ardıcıl 4, yarımfinal və finalda isə müvafiq olaraq 2 və 1 oyunu izləyə bilərlər.

Lakin “Dinamo”da yalnız qrup oyunları olacaq. Elə “Bakı” da qrup mərhələsində ilk oyununu bu ucuz arenada keçirəcək. Tacikistanın “Vaxş” klubu ilə sabah baş tutacaq matç 1 manat 36 qəpiyə olan 4 görüşdən biridir. 4 matçın hər biri isə 34 qəpiyə düşür.

Qeyd edək ki, təmsilçimizin qrup mərhələsindəki digər iki oyunu “Olimpiyski”də olacaq.
0