“Bakı”nın rəqibi milyon dollardan danışdı
16.01.2010 - 11:35
“Bakı”nın rəqibi milyon dollardan danışdı
“Kosmos” otelinə yetərincə gec çatmağımıza baxmayaraq, Tacikistanın “Vahş”ın baş məşqçisi Aslidin Habibullayevlə müsahibə götürə bildik. Özü də sırf təsadüf üzündən. Habibullayev 16-cı mərtəbədə qalsa da, bizim kimi 5-ci mərtəbədə qalan komandanın rəisinin otağından çıxarkən qarşılaşdıq. Tacik çalışdırıcı futbolçularına “Bakı” ilə oyun öncəsi son təhlil işini aparmağa, tapşırıqlarını verməyə tələsirdi. Ancaq vaxtının azlığına baxmayaraq, Xabibullayev apasport.az saytının Moskvaya ezam olunmuş xüsusi müxbirinin də təkidi qarşısında dayana bilməyərək, ona ünvanlanan sualları cavabladı.

- Oyun və rəqib haqda nə deyə bilərsiniz?
- “Bakı” haqda yalnız İnternet vasitəsilə məlumat toplamışıq. Bilirik ki, turnir ərəfəsində Azərbaycan çempionu Hollandiya, Braziliya və Türkiyədən olan legionerlərlə heyətini gücləndirib. Prinsipcə, bu turnirdə Azərbaycan və Tacikistan klubları tez-tez qarşılaşır. Qrupumuzda çox güclü və ciddi rəqiblər yer alıb. Bizdən başqa üçü də Avropa səviyyəli komandalardır. Ancaq hər şeyə rəğmən, turnirə nəzərdə tutulan plan əsasında uğurla hazırlaşa bilmişik. Biz də bu turnirdə yaxşı nəticə göstərmək istəyirik.

- “Vahş”ın əvvəllər bu turnirdə iştirak etdiyini bilirik. Bəs siz özünüz necə?
- Futbolçu kimi 3 dəfə iştirak etmişəm. Moskvaya iki dəfə “Reqar-TadAZ”ın, bir dəfə isə “Vahş”ın qapıçısı kimi gəlmişəm.

- Heç bizim komandalarla üz-üzə gəlməyibsiniz?
- Yox (bir qədər düşünür). Deyəsən, 2006-cı ildə oynamışam. Özü də həmin turnirin qalibi Azərbaycan komandası oldu.

- Düzdür, “Neftçi”ni deyirsiz. Bizimkilər açılış oyununda sizin komandanı 3:0 hesabı ilə məğlub etmişdi.
- Hər halda, biz onda gələcək çempiona uduzduq. Məşqçi kimi isə ilk dəfə turnirə qatılıram. 2008-ci ilin sonunda futbolçu karyeramı bitirdim. Ötən ildən isə “Vahş”ı çalışdırmağa başladım. Gördüyünüz kimi, ilk mövsümdəcə çempion olduq.

- “Bakı”dakı həmkarınız Bülənt Korkmaz isə Avropada tanınmış şəxsdir. “Qalatasaray”ın kapitanı kimi UEFA kubokunu başı üzərinə qaldırıb. Bunu bilirsinizmi?
- Əlbəttə! Bülənt Korkmaz haqda informasiyam çoxdur. Amma yaşıl meydanda təbii ki, qarşılaşmamışıq. Bu bizim ilk görüşümüz olacaq. Gənc məşqçi kimi özümü beynəlxalq arenada yaxşı tərəfdən göstərməyə çalışacağam. Əsas məqsədimiz isə Asiya Futbol Konfederasiyasının kubokuna yaxşı hazırlaşmaqdır. Bəzi yeni futbolçuları belə beynəlxalq turnirdə sınamağımız zəruridir.

- Komandanızın heyətində Tacikistan yığmasının üzvləri varmı?
- Var, iki nəfərdir - Yusif Rabiyevlə Fətulla Fətullayev. Hər ikisi yarımmüdafiəçidir. Heyətdə Özbəkistandan olan bir legioner qapıçı da var. İki legioner də komandaya yaxınlarda qoşulub, qanalıdırlar.

- “Dordoy-Dinamo”dan qaçan Tyaqo Daniel və Tete Davidi deyirsiz?
- (əsəbiləşir) Onlar qaçmayıblar, biz baxışa çağırmışıq. Amma hələ də aydın olmayan bəzi məqamlar var.

- Keçid rəsmiləşməyib?
- İki klubun nümayəndələri bir daha söhbət edib. Ancaq məsələyə tam aydınlıq gətirmək mümkün olmayıb.

- Yəni onların “Bakı”ya qarşı oynayıb-oynamayacağı məlum deyil?
- Bu oyun öncəsi bilinəcək. Meydana çıxacaqlarsa, deməli, problemləri həll olunub.

- Məgər onların meydana çıxıb-çıxmayacağı sizə məlum deyil?
- Mənə çox şey məlumdur.

- “Vahş”la “Bakı”nın büdcələrini müqayisə edə bilərik? Yəqin bizim klubun güclü maliyyə dayaqlarına malik olduğundan xəbərdarsınız?
- Təbii ki, xəbərdaram. Bu mənada aramızda fərq böyükdür. Sizin klubun imkanları daha yaxşıdır.

- Sizin büdcə heç olmasa 1 milyon dollara çatırmı?
- Bu klubun sirridir.

- Biz sizi sirr açmağa, konkret rəqəm deməyə məcbur etmirik ki. Sadəcə, büdcənizin 1 milyon dollara çatıb-çatmadığını öyrənmək istəyirik.
- Narahat olmayın, çatır.

- Bu qrupda kimi mütləq favorit sayırsınız?
- Hər bir komanda favorit ola bilər. Hər şey meydandakı mübarizədən asılıdır.

- Ancaq çoxları komandanızı qrupun aşkar autsayderi hesab edir?
- Bu bizim xeyrimizə olan məqamdır. Qoy belə də saysınlar.

- Ümumiyyətlə, “Bakı”nı turnirin əsas favoriti saymaq olarmı?
- “Bakı” da daxil olmaqla hər kəs favorit ola bilər. Futbol elə bununla gözəldir. Hər şey ola bilər.
0