“Neftçi” rəhbərliyinə qarşı növbəti şok ittiham
16.01.2010 - 13:33
“Neftçi” rəhbərliyinə qarşı növbəti şok ittiham
“15 günə yaxın idi ki, “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov mənimlə müntəzəm əlaqə saxlayıb, təcili Bakıya gəlməyimi istəyirdi. Mən də vətənimdəki işlərimi yoluna qoyub, yanvarın 14-də Bakıya gəldim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun sabiq futbolçusu Əli Cansun deyib.

2008/09 mövsümünün ilk dövrəsini flaqmanda keçirmiş türkiyəli futbolçu bakılıların onu aldatdığını bildirib: “Klub rəsmisinin danışığından belə başa düşdüm ki, məni “Neftçi”yə qaytarırlar. Buna görə də Türkiyədən aldığım bütün təklifləri rədd edirdim ki yenidən əvvəlki klubuma qayıdıram. Hətta öz klubumla da danışmışdım. Bakıya gəlib, “Neftçi” prezidenti ilə danışdım. O mənə deyir ki, bildiyimizə görə bizdən küsmüsən, səni çağırmağımızda məqsəd barışmaqdır”.

Başına gələnlərdən əsəbiləşən Cansun “Neftçi” rəhbərliyini kəskin tənqid edib: “Başa düşə bilmirəm barışmaq üçün Bakıya gəlməli idim? Bunu mənə telefonda demək olmazdı? Bu adamlar niyə görə futbolçuların hissləri ilə oynayırlar? Görünür mən də saxtakarlıq etməli idim. Sabiq baş məşqçimiz Hans-Yurgen Gede komandanı yıxıb-sürüyəndə üsyan edənlərdən biri də mən idim. Buna görə də layiqli cəzamı aldım. Kaş onda mən də onun kimi davranaydım. Nə qədər ki, “Neftçi” kimi klubun başında futboldan başı çıxmayan adamlar dayanır, bu klub uzağa gedə bilməyəcək”.

Cansun paytaxt klubundan alacağı məbləği də açıqlamağı lazım bilib: “Ötən ildən olan borcları, üstəlik faiz və vəkil pulunu hesablasaq, “Neftçi”nin mənə 200 min dollar borcu var. Bu hərəkətinə görə klub rəhbərliyinə “sağ ol” deyirəm. Türkiyəyə qayıdan kimi FİFA-ya şikayət edəcəyəm”.
0