Bülənt Korkmaz: “Birlik kuboku”nda mənim çox qorxduğum elə budur
16.01.2010 - 22:05
Bülənt Korkmaz: “Birlik kuboku”nda mənim çox qorxduğum elə budur
“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nda ölkəmizi təmsil edən “Bakı” klubunun türkiyəli baş məşqçisi Bülənt Korkmazın apasport.az saytının Moskvaya ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- Bu turnirdə debütünüz uğurlu alındı. Tacikistanın “Vaxş” klubunu 2:0 hesabı ilə məğlub etməniz və ümumiyyətlə, turnir haqda fikirlərinizi öyrənmək istərdik.
- İlk öncə onu deyim ki, pis meydançada oynadıq. Futbolçularımızın belə qazonda zədə almadığına görə çox sevinirəm. Təbii ki, nəticə mənim üçün önəmlidir. Ancaq ən əsas bu cür meydançada zədə problemi ilə üzləşmədiyimizi sayıram. Bu məni sevindirir. Turnirə qələbə ilə başlamaq yaxşı haldır. Çünki belə turnirlərdə ilk oyun həmişə çətindir. Futbolçularımı təbrik edirəm. Onlarda ən çox bəyəndiyim meydanda apardığı mübarizə oldu. Mən komandama bunu öyrətdim. Bu baxımdan istədiyimi meydanda gördüyüm üçün sevinirəm. Təbii ki, xətalar da olur. Bu isə futbolçunun bəzi şeyləri keçmişdə bilməməyindən qaynaqlanır. Belə olan halda, səhv etmələri normaldır. Görünür, əvvəllər bunu əvvəllər öyrətmədiklərinə görə futbolçular xətaya yol verir. Biz bunları aradan qaldırmağa çalışırıq və bu, uzun sürən bir işdir. Amma məsələyə köklü baxsaq, komanda yaxşı mübarizə aparır. Bu gün də gözəl mücadilə etdi. Start oyunu olduğunu nəzərə alsaq, yaxşı idi. Amma oyunun bəzi hissələrində istədiyim kimi deyildi.

- Komandamız xüsusilə oyunun əvvəlində bir az ehtiyatlanırdı. İlk 10 dəqiqə kəşfiyyat xarakteri daşıdı və rəqibin necə kollektiv olduğunu gözlədiniz...
- Əslində bu, normaldır. Təbii ki, ilk 10-15 dəqiqədə belə şeylər olur. Hər halda, bu rəqiblə ilk dəfədir oynayırsınız, davamlı oynamırsınız ki. Rəqibin necə oynadığını gözdən keçirdilər və bundan sonra oyunu ələ aldıq. Oyunda daha çox biz üstünlüyə malik idik. Rəqib yalnız əks-hücumlar etməyə çalışdı.

- “Vaxş”ın qapısına təyin edilən penalti zərbəsi ilə bağlı nə deyə bilərsiniz? Həmin epizodda qapıçınız Xalidu Sissoko topa tərəf qaçdı və deyəsən, zərbəni o, vurmaq istəyirdi. Ancaq buna imkan verməyən Jaba penaltini dəqiq yerinə yetirə bilmədi...
- Həmin vaxt köməkçilərimlə danışdığım üçün epizodu görmədim. Amma belə bir şey olmuşdu. Bunu mənə matçdan sonra söylədilər. Əslində, futbolçu üçün belə etmək olmaz. Mən kimi desəm, o da penalti zərbəsini yerinə yetirəcək. Bu, Jaba, Aleksandr Şoliç, yaxud Mahmud Qurbanov ola bilər.

- Sizdə ştatlı penalti vuranlar kimlərdir?
- Bizdə belə oyunçular var. Bayaq adını çəkdiyim futbolçular sırasına Fabio Luis Ramimi də əlavə edə bilərəm. Bunlardan kim oynasa, o da penalti zərbəsini yerinə yetirəcək.

- Sabahkı rəqibiniz olan Finlandiyanın HİK klubundakı həmkarınız “Bakı” ilə çox çətin oyun olacağınızı deyir. O, “Bakı”nın oyununu görmədiyini söyləyir, bizim kimi öz komandanızı da güclü sayır. Bəs siz görüş haqda nə düşünürsünüz?
- Ən əsası, komandamızın HİK-ə qarşı necə oynayacağıdır. Mən komandamın mübarizə apardığı hər oyunu qazanıram. Biz bəzi oyunlarda tam heyətlə çıxsaq, mübarizə sayəsində istədiyimizə nail olduq. Finlərə qarşı da belə oynamaq nəticə qazanmağa çalışırıq. Amma bəzən müdafiədə səhvlərə yol verərək, problem yaşayırıq. Əgər bunu etməsək, bizim üçün daha yaxşı olar.

- “Vaxş” bu gün çoxlu qol şansları yaxaladı. Hətta ikinci hissədə bir dəqiqədə iki yüz faizli qol imkanları olsa da, bunların heç birindən yararlana bilmədilər...
- Doğrudur. Bu, ikinci hissənin sonlarına yaxın oldu. Həmin vaxt konsentrasiya pozuldu ki, bu da mənim heç sevmədiyim şeydir. Komanda hesabda 2:0 irəlidə olsa belə, meydanda diqqətli olmalıdır. Bunun olmamağı məni rahatsız etdi. Futbolçular da bəzi şeyləri öyrənəcək.

- HİK-lə oyunda heyət çoxmu dəyişəcək?
- Bunu deyim ki, futbolçunun dalbadal iki gündə, özü də belə qazonda 90 dəqiqə oynaması imkansızdır. Bunun mümkün olması çox çətindir. Üstəlik, meydançanın çox pis olmasında zədə ala bilərik. Moskva turnirində mənim ən çox qorxduğum şey budur. Turniri zədəsiz başa vursaq, məncə, çox yaxşı bir iş görmüş olarıq. Bununla əlaqədar futbolçular ardıcıl oynaya bilməz, heyəti belə şəkildə dəyişdirəcəyik. Bəziləri 90 dəqiqə oynayacaq, bəziləri 15-20 dəqiqə meydanda olub, davamlı dəyişəcək.

- HİK haqda nə məlumatınız var?
- Bu komandanı tanıyıram. Necə oynadığını, oyun sistemini bilirəm. Daha çox uzun ötürmələr, hava mübarizələrinə üstünlük verirlər.

- HİK-in ilk görüşdə Qazaxıstanın “Aktobe” klubunu udduğunu nəzərə alsaq, sabahkı oyun qrupdan çıxmaq baxımından həlledici olacaq...
- Sizinlə razıyam. HİK-lə görüş 1/4 finala vəsiqə uğrunda həlledici oyun olacaq. Sabah qələbə qazanan yüz faiz qrupdan çıxacaq. İnşallah, buna nail olarıq. Əslində hər bir oyun önəmlidir. Xüsusilə də belə beynəlxalq səviyyədə.

- Yeni transferlərdən razı qaldınızmı? Onlardan braziliyalılar Adriano ilə Venyo, habelə həmyerliniz Gürşad Durmuş bu gün ümumiyyətlə, “18-liy”ə düşmədi...
- Doğrudur. Bu turnirdir, bəziləri oynayar, bəziləri oynamaz. Siz istəyirsiniz ki, hamısı oynasın (gülür). Amma bildiyiniz kimi, 25 futbolçu oynaya bilməz. Qarşıda hələ Azərbaycan Premyer Liqası var. Bütün futbolçularımızın oynamasını gözləyib, görəcəksiniz.

- Həmin üç futbolçu HİK-ə qarşı oynaya bilərmi?
- Bunu sabah görəcəksiniz.

- Turnirin təşkilatçılığı baxımdan narazılığınız yoxdur ki?
- Bu turnirin Azərbaycan üçün önəmli olduğunu söyləmişik və ölkəni layiqli təmsil etmək üçün bura gəlmişik. Mənim üçün futbolçunu hazırlıq səviyyəsinə üç əsas amil təsir göstərir: məşqlər, bəslənmə və dinlənmə. Bu turnir öncəsi təlim-məşq toplanışı keçdiyimiz Antalyada bunların heç birində problemimiz olmadı. Psixoloji anlamda da hər şey istədiyimiz kimi oldu. Amma bura gəldiyimiz bəzi əskiklər var. Məncə, buradakı təşkilatçılıq daha yaxşı, səviyyəli ola bilər.
0