Antii Muurinen: Bizi “Bakı” ilə çox çətin oyun gözləyir - MÜSAHİBƏ
17.01.2010 - 01:56
Antii Muurinen: Bizi “Bakı” ilə çox çətin oyun gözləyir -  MÜSAHİBƏ
“Bakı”nın “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində növbəti rəqibi olan Finlandiyanın HİK klubunun baş məşqçisi Antii Muurinenin apasport.az saytının Moskvaya ezam olunmuş müxbirinə müsahibəsi

- Öncə Qazaxıstanın “Aktobe” klubunu 1:0 hesabı ilə məğlub etdiyiniz oyunla bağlı fikirlərinizi öyrənmək istərdik...
- Çox xoşbəxtəm ki, bu görüşdə qələbə qazandıq. Bu, turnirdə debüt oyunumuz idi. Məhz bu səbəbdən qələbə çox vacib idi. Ancaq yalnız “Aktobe”ni udmaqla iş bitmir. Çünki qrupda bir yox, üç oyun keçirməli olursan. Bu mənada “Bakı” və “Vaxş”la görüşlər də bizim üçün əhəmiyyət kəsib edir.

- “Aktobe” güclü komandadır?
- Bəli. Bizə bu komandanı məğlub etmək heç də asan başa gəlmədi. Amma biz rəqibdən daha yaxşı oynadıq və qol imkanımızı dəyərləndirdik.

- Nəticə məntiqə uyğun idi?
- Ola bilsin. “Aktobe” dediyiniz kimi güclü rəqib idi. Amma biz qələbə qazanmağı daha çox istəyirdik. Həm də debüt oyunu bütün futbolçular üçün böyük önəm kəsb edir. Onlar belə görüşlərini özlərini xüsusilə hazırlayırlar. Ancaq bu oyun artıq arxada qaldı. Biz artıq “Bakı” ilə oyunu düşünürük.

- Konkret nəyi?
- “Bakı” ilə bizim üçün çox çətin keçəcəyini. Biz bunu yaxşı başa düşürük. Fikrimcə, “Bakı” asan sınaq olmayacaq. Yəni hər iki komandanı ağır oyun gözləyir. Nə “Bakı” zəifdir, nə də biz.

- “Bakı” haqda nə bilirsiniz?
- Demək olar ki, heç nə. Amma Azərbaycan futbolu haqda məlumatım var.

- Finlandiya yığmasının baş məşqçisi kimi milli komandamızın rəsmi oyunun iştirakçısı olmusunuz?
- Bəli, Finlandiya yığması ilə 7 il öncə Bakıya gəlmişdim. Yadımdadır, həmin görüşdə 2:1 hesabı ilə qalib gəldik. Bu, bir dəfə olub. Bundan sonra Finlandiya yığması Roy Hocsonun rəhbərliliyi altında milli komandamızla görüşüb.

- Doğrudur, onun vaxtında Bakıda yığmanıza 1:0 hesabı ilə qalib gəlmişik...
- Bu nəticəni xatırlayıram. Onu bilirəm ki, Azərbaycan futbolu son illərdə inkişaf edib. Bu mənada bizi “Bakı” ilə asan oyun gözləmir. Yeri gəlmişkən, komandanızda hazırda neçə futbolçu çıxış edir?

- 25-ə yaxın. Bəs sizdə?
- Biz Moskvaya 22 futbolu gətirmişik.

- “Bakı” qış fasiləsində heyətini gücləndirib. Onların arasında Hollandiya liqasında oynamış “Den Boş” klubunu kapitanı Adnan Bərəkət də var...
- Bu, yaxşı haldır. “Bakı” qarşımıza Bərəkət də daxil olmaqla yeni futbolçularla çıxacaq.

- “Bakı”nın “Vaxş”la oyununu izləyən nümayəndəniz olub?
- Yox. Mən komandanızın oyununu görməmişəm. Bu mənada bizə çətin olacaq. Yeni il, yeni komanda, yeni futbolçular...

- Moskva turnirində əsas məqsədiniz nə olacaq?
- Finlandiyada mövsüm artıq başa çatıb. Yeni çempionatın başlanmasına isə hələ var. Bu turnirdə ona hazırlığın bir mərhələsidir. Yeni futbolçularımıza baxmaq imkanımız yaranır. İndiki fasilə müddətində 6 transfer edə bilərik. Onları bu turnirdə sınaqdan keçiririk, yeni oyun sistemini nəzərdən keçiririk.

- Onu bilirsiniz ki, “Bakı” turnirin əsas favoritlərindən sayılır?
- Bəli, bu fikirlə razıyam. Bizə “Bakı”nı udmaq çətin olacaq.

- Klubunuzun büdcəsini deyə bilərsiniz?
- Yox. Çünki pul haqda bir şeyə bilmərəm. Mənim işim futbol, məşqçilikdir. Hər halda, biz varlı klub deyilik. Yaxşı büdcə “Barselona”, “Real”, “Bavariya” kimi klublarda olur. Finlandiya klubları bu baxımdan onlardan çox geri qalır və autsayderlər sırasındadır. Təsadüfi deyil ki, milli komandamızın çox futbolçuları ölkədən kənarda çıxış edir. Cənubi Koreya yığması ilə yoldaşlıq görüşünə cəmi bir yerli futbolçumuz çağırılıb. Yeri gəlmişkən, “Bakı”da yığma futbolçusu varmı?

- Bəli. Bir neçə nəfər.“Bakı”nın baş məşqçisi “Qalatasaray”ın kapitanı kimi UEFA kubokunu başı üzərinə qaldıran, Türkiyə yığmasının heyətində dünya çempionatının bürünc medalını qazanan Bülənt Korkmazdır...
- Onu xatırlayıram. Şəxsi tanışlığım olmasa da, adı yadıma düşür. Korkmazın neçə yaşı var?

- 42.
- Deməli, gənc məşqçidir (gülür).

- “Bakı” “Vaxş”la oynadığı “Dinamo” manejinin qazonu çox pis idi. “Aktobe” kimi “Bakı” ilə də “Olimpiyski” manejində görüşəcəksiniz. Oranın qazonu sizi razı saldımı?
- Bəli. “Olimpiyski”də qazon çox yaxşı vəziyyətdir.

- Həm “Bakı”nın, həm də komandanızın ilk oyunda qələbə qazandığınızı nəzərə alsaq, öz aralarınızdakı görüş 1/4 finala vəsiqənin taleyini həll edəcək...
- Elədir. Qələbə qazanan həmin vəsiqəyə sahib çıxacaq. Bu, görüşün əhəmiyyətini artırır. Hər iki komandaya uğurlar arzulayıram. Kim güclüdürsə, o da qalib gəlsin.
0