“Bakı” xal itirdi - YENİLƏNİB
17.01.2010 - 15:47
“Bakı” xal itirdi - YENİLƏNİB
Bu gün Rusiyanın paytaxtı Moskvada “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” uğrunda yarışda ikinci tura start verilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Bakı” az sonra HİK (Finlandiya) ilə oyuna çıxacaq.

“Bakı”nın baş məşqçisi Bülənt Korkmaz Tacikistanın “Vaxş” klubu ilə müqayisədə əsas heyətdə böyük dəyişiklik edib. Həmin heyətdən yalnız Bəxtiyar Soltanov yenə start heyətdə yer alıb. Məhz yeganə yerli futbolçu olan Bəxtiyara da kapitan sarğısı daşımaq etibar olunub. “Vaxş”a qol vuranlardan Fabio ehtiyatda yer alıbsa, Hacı Əhmədov isə ümumiyyətlə, “18-lik”də yoxdur.

“Bakı” – HİK – 0:0

Bakı: 1. Marko Şarliya, 4. Vadim Borets, 5. Stevan Bates, 6. Gürşad Duymuş, 8. Ernad Skuliç, 11. Adnan Bərəkət, 21, Venyo, 27. Bəxtiyar Soltanov (kapitan), 35. Adriano, 77. Aleksandr Soliç, 85. Jaba

Ehtiyat oyunçular: 23. Xalidu Sissoko, 7. Mahmud Qurbanov, 14. Elvin Əliyev, 20. Fabio Luis Ramim, 29. Əziz Quliyev, 32. Aleksey Savinov, 33. Saşa Yunisoğlu,

HİK: Ville Vallen (kapitan), 2. Tuoman Kansikas, 3. Mikko Xayxiya, 4. Məhəmməd Kamara, Rafael de Almeyda, 10. Yuho Makela, 11. Matias Lindstrom, 16. Yarno Parekka, 18. Yohanni Yoala, 24. Erfan Zeneli, 29. David Romandinqayte

Ehtiyat oyunçular: 12. Yani Viander, 5. Yukko Santana, 13. Piri Parkkaynen, 17. Dayqa Ba, 17. Aki Riixilaxti, 21. Makko Samusalo, 28. Aleksandr Rinq

Hakimlər: İldus Biqlov, Yevgeni Volnin, Aleksey Voronysov, Eduard Malıiy (hamısı Rusiya)

İnspektor: Anatoli Jarkov (Rusiya)

“Bakı” ilk dəqiqələrdən təşəbbüsə yiyələnir. Ancaq ilk 10 dəqiqədə qapılar qarşısında təhlükəli vəziyyətlər yaranmır. İlk real imkanı 17-ci dəqiqədə HİK əldə etsə də, əvvəlcə Şarliya, daha sonra müdafiəçilərimiz təhlükəni sovuşdurur. Artıq finlərin hücumları daha təhlükəli alınmağa başlayır. Xüsusilə künc zərbələri. 20-ci dəqiqədə HİK-in 8 nömrəsi Rafael de Almeydanın baş zərbəsi qapının üstündən keçir. Bundan bur dəqiqə sonra Erfan Zenelinin uzaq küncə zərbəsini dəf edən Marko yerinə yetirilən künc zərbəsindən sonra topu tutur.

24-cü dəqiqədə Bates kobud səhvə yol versə də, dərhal səhvini düzəltməklə, zərbəyə imkan vermir. Ardından qapımız qarşısında qarşılıq zamanı Şarliya topu tutmaqla, zərbəyə imkan vermir. 27-ci dəqiqədə Bəxtiyar mərkəzə kimi irəliləyərək, qapıya zərbə vursa da, həmləsi zəif alınır. 28-ci dəqiqədə Adrianonun iştirakı ilə yaransa da, “Bakı”da debüt edən braziliyalı hücumçunun zərbəsi dirəyin yanından keçir. Bundan 2 dəqiqə sonra ilk real qol imkanımız olur. Ancaq Skuliçin künc zərbəsindən sonra baş zərbəsi qapı tirindən dönür.

Oyunda ilk sarı vərəqə 33-cü dəqiqədə HİK-in oyunçusu Lindstroma Jabaya qarşı kobud oyuna görə verilir. 35-ci dəqiqədə rəqibin top itkisindən yararlanan Soliçin zərbəsi yandan keçir. Bir dəqiqə sonra Soliçə qarşı kobudluğa görə HİK-in qapısı qarşısında təhlükəli cərimə zərbəsi təyin olunur. Ancaq Aleksandrın zərbəsi tirin üstündən keçir. Fasiləyə qədər “Bakı” ol açmaq üçün yenə imkan əldə etsə də, nə Adriano, nə də Soltanov zərbəni dəqiq vura bilir. Qarşılıqlı hücumlar şəraitində keçən ilk hissə qolsuz bərabərliklə bitdi.

İkinci hissə başlayan kimi “Bakı” yüz faizli qol imkanı yaxalayır. Ancaq 50-ci dəqiqədə Bərəkətin sol cinahdan ötürməsindən sonra Adriano baş zərbəsi alınmır. O, 2-3 metrdən qapıya düşə bilmir. Bundan iki dəqiqə sonra Şarliya rəqiblə mübarizədə topu əlindən buraxsa da, təhlükə sovuşur.

54-cü dəqiqədə Skuliçin zərbəsi yandan keçir, bir dəqiqə sonra Boretsin həmləsini qapıçı tutur. 57-ci dəqiqədə HİK-in qapısına cərimə zərbəsi təyin olunur. Ancaq Adnanın zərbəsini qapıçı tuta bilir. 59-cu dəqiqədə HİK birdən üç əvəzləmə edir. Komandamızda isə Venyonun əvəzinə Elvin Əliyev meydana daxil edir. Bununla da Korkmaz taktiki sxemdə dəyişiklik edir. Belə ki, Elvin Skuliçin yer aldığı müdafiənin sağ cinahına keçir. Ernad isə Venyonun yerinə, yəni özü üçün doğma olan dayaq yarımmüdafiəçin mövqeyinə çəkilir.

64-cü dəqiqədə Jabanın hava ötürməsindən sonra Soltanov baş zərbəsi zəif alınır. Həmin dəqiqə “Bakı”da ikinci əvəzetmə olur. Bu dəfə meydanı tərk edən braziliyalı Adriano olur. Onu Əziz Quliyev əvəzləyir və yarımmüdafiənin sol cinahında yer alır. Bərəkət isə yarımmüdafiənin mərkəzinə çəkilir. Oyunu fəallaşdıran Əziz meydana girər-girməz sol cinahdan təhlükəli ötürmə etsə də, Bəxtiyar yaxın məsafədən qapını nişan ala bilmir. 70-ci dəqiqədə HİK 4-cü əvəzləməsini edir. Dörd dəqiqə sonra Elvin təhlükəni sovuşduran anda komandamızda 3-cü əvəzetmə reallaşır. Adnanı Mahmud Qurbanov əvəzləyir. 78-ci dəqiədə Skuliç yenidən künc zərbəsi zamanı başla qol vurmaq üçün əla imkan qazansa da, bu dəfə zərbəsi qapıya düşmür. 82-ci dəqiqədə hakim Oyalanı Əzizə qarşı kobudluğa görə sarı vərəqə ilə cəzalandırır.

İki dəqiqə sonra Əliyevin sağ cinahdan ötürməsini qapının yaxınlığında olan Jaba istifadə edə bilmir. 85-ci dəqiqədə finlər heyətdə 5-ci dəyişikliyi edir. 86-cı dəqiqədə Jaba bu dəfə Quliyevin cinah ötürməsini qapı qarşısından dəqiq vura bilmir. 87-ci dəqiqədə kobud oynayan Skuliç ilk sarını alan futbolçumuz olur, HİK isə 6-cı əvəzetməsini edir. 89-cu dəqiqədə topu saxlamadan zərbəsi dirəyin yanından keçir. Oyunda əvəzetmələrin çoxluğuna baxmayaraq cəmi bir dəqiqə əlavə olunur və görüş elə başladığı hesabla da bitir.


0