“Bax, məni tanımırsan, məndən belə bir şey soruşmayın” - MÜSAHİBƏ
17.01.2010 - 19:29
“Bax, məni tanımırsan, məndən belə bir şey soruşmayın” - MÜSAHİBƏ
“Bakı”nın baş məşqçisi Bülənt Korkmaz “MDB və Baltikyanı ölkələrin Birlik kuboku” turnirində HİK-lə (Finlandiya) oyundan sonra brifinq keçirib. Apasport.az saytının Moskvaya ezam olunmuş müxbirinin də iştirak etdiyi ayaqüstü söhbətdə türkiyəli mütəxəssis azərbaycanlı jurnalistlərin suallarını cavablandırdı. Maraqlı keçən brifinqdə Korkmazın mübahisə etdiyi, sualı sualla cavabladığı anlar oldu. Qeyd edək ki, turnirin əsasnaməsinə görə mətbuat konfransları yalnız yarımfinaldan başlayaraq keçirilir.

- HİK-lə qolsuz heç-heçə nəticələn oyun haqda nə deyə bilərsiniz?
- Birinci hissədə meydanda mübarizə mərkəzdə keçdi. İlk 10-15 dəqiqədə kəşfiyyat etdikdən sonra istədiyimizi həyata keçirməyə çalışdıq. Amma çoxlu ötürmə xətaları etdik. İkinci hissədə 5-10 dəqiqəni çıxsaq daha yaxşı oynadıq. Rəqibə qapımız qarşısında ciddi təhlükə yaratmağa imkan vermədən özümüz qol vəziyyətləri yaratdıq. Təbii ki, Azərbaycanda həqiqətən də səviyyəli futbolçular var. Amma təəssüf ki, onlar aşağı yaş qruplarından ibarət komandalarında heç bir şey öyrənmədiklərinə görə bəzi vəziyyətlə geri qalırlar. Əgər Azərbaycanda futbolun irəliləməsini istəyirlərsə, uşaq futboluna, infrastruktura diqqət yetirmələri lazımdır. Yoxsa eyni səviyyədə qalacaqsınız. Mənim gördüyüm hər iki oyunda gənc futbolçularda problemlər vardı. HİK yaxşı komandadır, yaxşı futbolçuları, bəzi gənc oyunçuları da var. Mənim dediyim beynəlxalq səviyyəyə çıxdığımız zamanı gənc yerli futbolçular çox şeyləri həyata keçirmək istəsələr də, aşağı yaşda həm fiziki, həm taktiki planda çatışmazlıqları olduqları üçün bəzi komponentlərdə geri qalırlar. Təbii ki, biz davamlı çalışaraq bunu aradan qaldırmağa çalışırıq. Amma əvvəl dediyim uşaq futbolu, infrastruktur olmadan futbolun irəliləməsi imkansızdır. Yəni əsas buna diqqət yetirməyiniz lazımdır, başa şeyə yox. “Bakı” və ya “Xəzər-Lənkəran” komandası qələbə də qazana bilər, uduza da. Önəmli olan Azərbaycan futbolunun irəliləməyidir. Bununla bağlı heç birinizin görüşmələri olmadı.

- Bu gün əsas heyətdə 4 yeni transfer çıxdı. Onların oyununu necə dəyərləndirərdiniz?
- Mən ayrı-ayrı futbolçularla bağlı yox, komandanı oyununu şərh edib, dəyərləndirirəm.

- Nəticədən razı qaldınızmı? Nəticə oyuna görə idimi?
- Yaxşı oynadıq. Bu, dediyim kimi ikinci hissə və bir də ilk yarının bəzi hissələrinə aiddir. Ortaya yaxşı oyun çıxardıq.

- Qrupdan çıxmağı təxmin edirsiniz?
- Bu təxmin işi deyil. Belə olmaz. Qrupda son oyunda da yaxşı oynayıb, nəticə qazanmaq üçün çıxacağıq. Bu turnirdə 4 günə 3 oyun oynamaq asan deyil, bəzi axsamalar ola bilər. Əgər turnirdə zədə almadan çıxa bilsək, o zaman daha rahat ola bilərik.

- “Aktobe” ilə oyunda komandanı qrupdan çıxmaq üçün heç-heçə də sərf edəcək. Qazaxlar da “Vaxş” 2:0 hesabı ilə məğlub etsələr də, bizdən 1 xal geri alırlar. Bu da ilk turda HİK-ə uduzmaları ilə bağlıdır. “Aktobe” ilə oyuna qələbəyə, yoxsa bizə sərf edən heç-heçəyə oynayacaqsınız?
- Belə bir şərh yoxdur. Futbolda demək olmaz ki, qələbəyə, heç-heçəyə, yoxsa məğlubiyyətə oynayacaqsan. Mənim düşüncəm yaxşı oynamaqdır. Burda yaxşı oynadıq.

- “Vaxş”la oyundan sonra meydançanın qazonundan narazı qalmışdınız. Belə manejlər futbolçuların zədə almaq ehtimalını artırırmı?
- Mənə görə belə meydançalar futbolçular üçün zərərlidir. Dünyaya baxsanız, diz, bilək, qasıq nahiyəsi ilə bağlı zədələr, belə süni örtüklü meydançada alınır.

- Ola bilərmi ki, bununla əlaqədar hansısa futbolçu meydanda tam gücünü qoymasın, özünü qorusun?
- Futbolda belə bir şey yoxdur. Yəni siz belə düşünürsünüzsə, yanlış düşünürsünüz.

- Belə düşünmürük. Sadəcə, belə bir ehtimalın olmasını soruşuruq...
- Belə bir şey ola bilməz. Turnirə gəlmişiksə, oynayırıq. Dünənki meydança ilə müqayisədə bu, yaxşıdır. “Vaxş”la zədə riskinin yüksək olduğu meydançada oynadıq.

- Hər oyunda bir qapıçıya şans verirsiniz. Dünən Xalidu Sissoko, bu gün Marko Şarliyaya qapını etibar etdiniz. Hələ ki optimal bir qapıçı müəyyənləşdirməmisiniz?
- Bax, sən məni tanımırsan. Mən indiyə qədər heç bir futbolçunun oynayıb-oynamayacağı ilə bağlı bir şey deməmişəm. Məndən belə bir şey soruşmayın. Soruşsanız, cavab vermərəm.

- “Aktobe” ilə görüşdə qapını kim qoruyacaq?
- Mən də deyirəm ki, məndən belə bir şey soruşmayın. Niyə soruşursunuz ki? Bunu demərəm.

- Kənardan baxanda Venyo yaxşı oyun göstərmədi. Bu, nə ilə bağlıdır?
- (gülür) Sənin futbolun bu qədərdir. Sənə görə yaxşı olmaya bilər, mənə görə çox yaxşı idi. Siz istəyirsiniz ki, topu alıb, 3-5-ni keçsin, qol vursun. Futbolda belə bir şey yoxdur.

- Elə isə Venyonu niyə oyundan aldınız? İlk olaraq onu əvəzlədiniz?
- Heç bir oyunçunu ala bilmərəm ki?

- Razı aldınızsa, niyə aldınız?
- Razı qaldığımız oyunçunu ala bilmərəm ki?

- Elə biz də onu soruşuruq...
- Bu sahədə diz problemi olur. Eyni problemi Venyo yaşadı. Razı qaldığım oyunçunu da çıxara bilərəm, razı qalmadığımı da. Başqa sualınız yoxdursa, sizlərə təşəkkür edirəm.
0