“Azərbaycanda işləmək mənə maraqlı olardı”
18.01.2010 - 00:05
“Azərbaycanda işləmək mənə maraqlı olardı”
“Bakı” – HİK oyununu Olimpiya İdman Kompleksinin stadionundan izləyənlər arasında Rusiya milli komandasının sabiq baş məşqçisi Anatoli Bışovets da var idi. Görüş bitəndən sonra təcrübəli rus mütəxəssisi Moskvaya ezam olunmuş həmkarlarımızla birgə əhatəyə alıb, ona suallarımızı ünvanladıq. Milli komandamızın sabiq baş məşqçisi Kazbek Tuayev vaxtilə SSRİ yığmasında komanda yoldaşı olduğu Bışovets haqda saytımıza müsahibələrində heç də yaxşı sözlər işlətməmişdi. Apasport.az saytının Moskvaya ezam olunmuş müxbiri fürsətdən istifadə edərək, təcrübəli çalışdırıcıdan Tuayevlə bağlı fikirlərini soruşdu. Müsahibə zamanı onlarla birgə SSRİ yığmasında oynamış, artıq 13 ildir dünyasını dəyişən Anatoli Banişevski də xatırlandı.

- İlk öncə turnir haqda fikirlərinizi öyrənmək istərdik...
- Mən bu turniri alqışlayıram. Hesab edirəm ki, “Birlik kuboku”nda fikri mübadiləsi aparırıq, oyunlarda köhnə ənənələri unutmuruq. Bu turnirdə oynamaqla həm yeni mövsümə hazırlaşmaq, həm də məşqçilərə heyətdə eksperiment aparmaq, yeni futbolçulara baxmaq, seleksiya işləri görüşmək imkanı yaranır. Ən əsası, bu turnirdə gələcəyin komandaları oynayır. Onlar bizim gələcəkdir. Azərbaycanda “Neftçi” klubunu yaxşı xatırlayıram. Mənim artıq dünyasını dəyişən Serqey Kramarenko, Anatoli ilə vaxtilə yaxşı münasibətlərim olub. “Neftçi” çox maraqlı komanda idi. Biz Banişevski ilə SSRİ-nin yeniyetmələr yığmasında bir yerdə oynamışıq. “Bakı” beynəlmiləl şəhər idi. Ermənilər da orada yaşayırdı. “Neftçi”də oynayan Eduard Markarov da gözəl futbolçu idi. Həmin vaxt Bakı məktəbi var idi. O, çox kombinasiyalı, yaradıcı, improvizasiya edən komanda idi.

- Sizcə, “Birlik kuboku” necə dirçəltmək olar?
- Yəqin ki, bunun üçün ilk növbədə turniri başa vaxtda keçirmək lazımdır. Mən belə düşünürəm. Bu, əsas komanda ilə oynamağa imkan yaradacaq.

- Bəs turniri başqa postsovet respublikasında keçirməyə, mükafat fondunu artırmağa necə baxırsınız?
- Belə etmək olar. Ən əsası, bunu Bakıda, İrəvanda, yəni cənubda keçirmək, orada təbii otda oynamaq olar.

- Vaxtilə Anatoli Banişevski ilə SSRİ yığmasına düşmək uğrunda mübarizə apardığınızı bilirik. Həmin illəri, Banişevskini necə xatırlayırsınız?
- Mən onu, o dövrü çox yaxşı xatırlayıram. Biz həmin vaxt SSRİ yığmasında bir yerdə oynayırdıq. 16 yaşda bir yerdə çıxış edirdik. Ancaq biz rəqib yox, dost idik. Onu deməliyəm ki, Banişevski həm unikal insan, həm də futbolçu idi. O, çox ünsiyyətcil insan idi. Bəlkə elə buna görə də həyatı alınmadı. Çünki Banişevski çox şeyi insanlara verirdi və azarkeşlərdən heç birinə “yox” deyə bilməzdi. SSRİ dövründə çoxlu yaxşı futbolçular olub. Ancaq Banişevski ilk növbədə bombardirlik keyfiyyətləri ilə fərqlənirdi. O, Başla çox gözəl oynayırdı, müdafiəçiləri yaxşı qabaqlayırdı.

- Banişevski heç vaxt vətənini, klubunu tərk etmədi...
- Doğrudur. O, çox vətənpərvər idi. Banişevskini həm Kiyevə, həm də Moskvaya dəvət edirdilər. Ancaq Anatoli sona kimi vətəninə sadiq qaldı.

- Hesab etmirsiniz ki, 1972-ci ilin Avropa çempionatının finalında SSRİ yığmasına Almaniyaya 0:3 hesabı ilə uduzduğu görüşdən sonra Banişevskini sərt cəzalandırmaqla, ona qarşı hörmətsizlik etdilər?
- Mən belə düşünmürəm. Onun dahi futbolçu olmasına əmin olduq. Çox sevinirəm ki, həyatının sonunda onun SSRİ-nin əməkdar məşqçisi adını almağına kömək edə bildim. Mən Banişevskinin sənədləri ilə birgə nazirin yanına getmişdim (gülür).

- Yəni ona bu işdə kömək etdiniz...
- Rauf Adıgözəlov bunu məndən xahiş etdi. Mən də nazirin yanına getdim və Banişevskiyə SSRİ-nin əməkdar məşqçisi adını verdilər.

- Bəs Kazbek Tuayevi necə xatırlayırsınız? Son vaxtlar mətbuat vasitəsilə onunla münaqişələriniz olur...
- (gülümsəyir) Mənim heç kimə iradım yoxdur. İlk növbədə Azərbaycanla ən yaxşı münasibətlərim var. “Neftçi” klubu və Bakıda oynayan dostlarımla yaxşı münasibətdəyəm.

- “Bakı”nın oyunu sizdə hansı təəssürat yaratdı?
- Təəssüf ki, oyuna əvvəldən yox, yalnız ikinci hissədən izləyə bildim. Mənə elə gəlir ki, həm klub, həm də milli komandaların əsas vəzifəsi əvvəlki oyun üslubuna oriyentasiya etmək, əvvəlki ənənələrə qayıtmaq olmalıdır. Əlbəttə, müasir futbolun tələbləri də nəzərə almaq lazımdır. Bu, həm komandalara, həm də futbolçulara aiddir.

- Vaxtilə adınız milli komandamız ətrafında hallanıb. Sizə Azərbaycandan real təklif gəlibmi?
- Onu deyə bilərəm ki, rəsmi təklif olmayıb. Ancaq fikrimcə, Azərbaycanda işləmək mənim üçün maraqlı olardı. Azərbaycana qarşı çox yaxşı münasibətim var.

- Hazırda boşsunuz?
- Bəli.

- Deməli, təkliflərə tam açıqsınız...
- Bilirsiniz, təkliflər var. Ancaq mənə maraqlı olan təkliflər olmalıdır. Sizlərə çox sağ ol deyib, böyük uğurlar arzulayıram.
0