“Yarımfinalda uduzsaq belə, bu, yaxşı nəticə sayılacaq”
18.01.2010 - 01:18
“Yarımfinalda uduzsaq belə, bu, yaxşı nəticə sayılacaq”
“Mənə elə gəlir ki, Avropa çempionatının yarımfinalda uduzsaq belə, bu, yaxşı nəticə sayılacaq. Amma əlbəttə, bundan da yaxşı nəticə finala vəsiqə qazanıb, qızıl medallara sahib çıxmaqdır”. Bu sözləri apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbiri ilə söhbətində Azərbaycan futzal yığmasının üzvü Rizvan Fərzəliyev deyib.

İstedadlı futzalçı bildirib ki, təqvim milli komandamız üçün çətin olsa da, ümumi çıxışa mənfi təsir göstərməyəcək: “Macarıstana qarşı keçirəcəyimiz birinci oyun zamanı azarkeş dəstəyi bizə maneçilik törədə bilər. Çünki rəqibimiz doğma meydan amilindən yararlanmağa çalışacaq. Ancaq biz həm “Araz”ın, həm də yığmanın heyətində belə halla çox üzləşmişik. Yəni, təcrübəmiz var. Məsələn, Portuqaliyada təşkil olunan Avropa çempionatının seçmə oyunlarında meydan sahiblərini hesabda üstələyirdik. Onlar yalnız axırıncı saniyələrdəki qolun hesabına məğlubiyyətdən qaçdılar”.

Fərzəliyev uğura aparan yolu da göstərib: “Hətta Macarıstan yığmasının baş məşqçisi də qrupda bizim favorit olduğumuzu söyləyib. İstəyimizə çatmaq üçün qarşıdakı görüşlərə köklənməliyik, toparlanmalıyıq. İlk oyunumuzun macarlara qarşı olması məsuliyyətimizi birə-beş artırır. Elə ki, birinci turda qələbə qazandıq, demək olar, uğurun bir hissəsini əldə etmiş olacağıq”.

Qeyd edək ki, A qrupunda yer alan milli komandamız yanvarın 19-da Macarıstan, bundan iki gün sonra isə Çexiya ilə qarşılaşacaq.
0