“Tobol”un bəhanələri
18.01.2010 - 12:06
“Tobol”un bəhanələri
Qazaxıstanın “Tobol” klubu “Olimpik-Şüvəlan”la yoxlama oyununun yarımçıq qalmasını müxtəlif bəhanələrlə əsaslandırmağa çalışır. Apasport.az-ın məlumatına görə, klubun rəsmi internet saytı Türkiyənin Antalya şəhərindəki görüşün yarımçıq qalmasını işıqlandırma sisteminin sıradan çıxması ilə izah edib. Onlar 2:0 hesabı ilə irəlidə olduqları qarşılaşmanı qarşılıqlı razılaşma əsasında yarımçıq saxladıqlarını bildiriblər: “Oyunun ikinci dəqiqəsində Nurqaliyev, sonradan isə Bakayev “Olimpik-Şüvəlan”ın qapısına qol vurmuşdu. Lakin hər iki tərəfin razılığı ilə komandalar ikinci hissəyə çıxmadı. Bunun birinci səbəbi işıqların sönməsi, ikincisi isə bəzi kobudluqlardan sonra oyuna nəzarətin itmək ehtimalının olması idi”.

Qeyd edək ki, ki, Apasport.az-ın Antalyaya ezam olunan əməkdaşının hadisə yerindən verdiyi operativ məlumata əsasən, qarşılaşma fasilədə deyil, 41-ci dəqiqədə dayandırılıb. Həm də görüş ikitərəfli razılıq yox, təmsilçimizin prezidenti Vaqif Qasımovun göstərişi ilə dayandırılıb. Səbəb isə işıqların sönməsi deyil, oyuna nəzarətin artıq itməsi və oyunçular arasında qarşıdurmanın başlaması olub.
0