“Mən oxumamış aliməm” - MÜSAHİBƏ
18.01.2010 - 12:16
“Mən oxumamış aliməm” - MÜSAHİBƏ
Azərbaycan yığmasının sabiq futbolçusu Zaur Ramazanovun müsahibəsi

- Zaur, əvvəlcə özün haqqında məlumat verərdin...
- 1976-cı ildə Bakıda dünyaya gəlmişəm. Uşaqlıq illərində çətinliklərim olmayıb. Atamın yaxşı imkanı, dükanları və yanacaqdoldurma məntəqəsi olub. çətinliyim olmadığına görə, futbola bir qədər gec başlamışam.

- Hansı məktəbin məzunusan?
- Mən metronun “Nizami” stansiyasının yaxınlığında doğulmuşam. 18 nömrəli məktəb bizə yaxın olub. Adım o məktəbdə gedib, özüm təhsil almamışam. Orta təhsilim yoxdur.

- Bəs futbola gəlişin necə baş verdi?
- Futbolla çox ciddi məşğul olduğuma görə, dərsə gedə bilmirdim. Mən topla yatıb, topla dururdum. Yeməyi isə stadionlarda yeyirdim. Əslində stadionumuz yox idi, “Spartak”ın arenasını kirayəyə götürüb oynayırdıq. Sonra birinci liqada çıxış edən “Naxçıvan”ın məşqçiləri mənimlə maraqlandılar. Beləcə, başladım futbolla peşəkarcasına məşğul olmağa.

- Uşaqlıq illərində atanın hesabına dolanmısan. Bəs özün ilk dəfə nə qədər qazanmısan?
- 1998-1999-cu illər olardı. 80 dollar qazanmışdım. Uşaqlıqda pulum çox olub, amma insanın öz, həm də ilk qazancı tamam başqadır.

- Futbolsuz qalanda darıxırsan, yoxsa istirahət edirsən?
- Uzun müddət futbol oynamayanda darıxıram. Futbolsuz qalmaq mənə yalnız karyera baxımından ziyan vurur. Məsələn, son 6 ayda futbol oynamasam da, kasıblamadım.

- Deməli, təkcə futboldan qazanmırsan?
- Onsuz iş olar. Bəs bu qədər müddətdir niyə futbol oynayıram, özümü ora-bura vururam?

“Porsche”ni Namiq Yusifova satdım”

- Zauru maşın həvəskarı kimi tanıyırlar. İndi hansı markalı avtomobil sürürsən?
- Əvvəl “Porsche” sürürdüm. Həmin maşın çox xoşuma gəlirdi. Onu qoruyurdum, hətta məşqlərə böyük qardaşımın “Jiquli” markalı avtomobili ilə gəlib-gedirdim. Sonra “Porsche” ilə qəzaya düşdüm, yolumla gedə-gedə gəlib vurdular. Maşının sığorta sənədi olduğundan təmirə çox pul xərcləmədim.

- İndi də həmin maşını sürürsən?
- Əziləndən sonra gözümdən düşdü. Bu vaxt “Qarabağ”da bir yerdə oynadığım Namiq Yusifov maşını istədi, satdım ona. Qiymətin deməyəcəyəm, sonra Namiq inciyər. İndi “İnfiniti” sürürəm. Rahat maşındı.

- Ailə həyatı qurmusan?
- Hə, 2004-cü ildə evlənmişəm.

- Həyat yoldaşınla necə tanış olmusan?
- Uşaqlıqdan bir yerdə böyümüşük. Həyat yoldaşım bibim nəvəsidir.

- Toyun harda olub?
- “Röya” şadlıq evində. Toyu Elariz aparıb. O vaxt “Karvan”da çıxış edirdim. İdmançı dostum çox olsa da, toyumda başqa qonaqlar üstünlük təşkil edirdilər.

- Hazırda ailədə vəziyyət necədir, mehriban dolanırsınız?
- Şükür Allaha. Hər şey qaydasındadır. Həyat yoldaşım dindardır, Allaha ibadət edir. Elə mən də Haqq yolundayam. üzümə heç vaxt ülgüc vurmamışam, maşınla təmizləyirəm.
2 qız övladım var. Hələ balacadırlar. Biri 4 yaşa təzə keçib, digərinin 3 yaşı var. İnşallah, yaxın gələcəkdə bağçaya gedəcəklər.

“Anaları kimi dindar olsalar, mənə yetər”

- Uşaqlarını hansı sənətin icraçısı görmək istərdin?

- Bu, mənim yox, Allahın əlindədir. Mənə qalsa, uşaqlar analarına oxşasınlar, Allaha ibadət etsinlər. Qız uşağının gözəlliyi onunun saflığında və ibadətindədir.

- Uşaqlara vaxt ayıra bilirsən?
- Mən evə gəlməyincə uşaqlar yatmırlar ki. Evə girəndən sonra “gəl oynayaq” deyirlər. Məşqdən çıxdığıma görə, yorğun oluram. Oynaya-oynaya məni yuxu tutur, yatıram. Ayılanda görürəm ki, yanımda yatıblar.

- Bakıda hansı tərəfdə yaşayırsan?
- “Neftçi”nin köhnə bazasının yanında. Bura hər cəhətdən mənə uyğundur. Həm stadiona, həm də mərkəzə yaxındır.

- Evin neçə otaqlıdır?
- Evimin otaqları çoxdur (gülür). Yaxşı sayın deyim, 5.

- Cəmi bir evin var?
- Bəli.

- Bəs şəhərdən kənarda torpaq sahən yoxdur?
- Çox torpaq sahəsi mənim nəyimə lazımdır? Sonda onsuz da torpağa gedirik. Bəli, istirahət etmək üçün sahəm var. Mərdəkanda bağ evi tikdirmişəm. Ora bizim ailəvi istirahət mərkəzimizdir. Mərdəkandakı evə ancaq ailə, üzvlərimiz gəlir. Futbolçular oranı heç tanımırlar. Yayda istirahət etmək üçün çox yerə getmək olar. Biz bəzən təlim-məşq toplanışları keçmək üçün Türkiyənin kurort şəhərlərinə gedirik. Amma Mərdəkanda dincəlməyin yeri başqadır. Həmişə Mərdəkanda dincəlməyə çalışıram.

- Valideynlərindən ayrı yaşayırsan?
- Anamgil metronun “Nizami” stansiyasının yaxınlığında qalırlar. Ana mənim üçün həyatda ən müqəddəs varlıqdır. Hər gün anama baş çəkib, əllərindən öpürəm. Onun yanına getməyəndə, çiyinlərimdə ağır yük hiss edirəm.
Anam həmişə bizim qayğımıza qalıb. Atam 1993-cü ildə dünyasını dəyişib. özünü yaxşı hiss edirdi. Yüngül infarktdan sonra gözlərini əbədi yumdu. Hmin günü təsəvvür etmək, onunla bağlı şərh vermək mənim üçün çox çətindir.
Atam rəhmətə gedəndə hazırda “Neftçi”nin əvəzedici heyətində oynayan Ağabala cəmi 6 aylıq idi. Ağa atamın üzünü demək olar ki, görməyib.

- Qardaşın Ağabalanı buna görə çox istəyirsən?
- Ağa bizim sonbeşiyimizdir. Onunla ciddi şəkildə maraqlanmıram. Qanımız birdir, bilirəm ki, futbol sahəsində üzərinə düşən məsuliyyəti dərk edir. Hər dəfə görəndə idman çantası çiynində olur. Ona ümidim böyükdür, bilirəm ki, yolumu davam etdirəcək. Hələlik, əvəzedicilərin çempionatında oynayır, xoş xəbərlərini eşidirəm.

“Mən oxumamış aliməm”

- Orta təhsilin olmasa da, danışıq qabiliyyətin pis deyil. Görünür, çoxlu kitab oxuyursan?

- Kitab oxumuram. Düzü, kitabı nə vaxt əlimə götürməyim yadıma gəlmir. Mən oxumamış aliməm.

- Uşaqlarına vaxt ayıra bilirsən?
- Uşaqlarımı çox sevirəm. Onların bir gülüşü mənə dünyanın dərd-qəmini unutdurur. Təlim-məşq toplanışlarında çox oluram. Boş vaxt tapan kimi uşaqlarımı gəzməyə aparıram. İstədiklərini aldığıma görə, çox sevinirlər.
Arada dost-tanışla görüşürəm. çayxanalara çox nadir hallarda gedirəm. Əvvələr çox gəzmişəm, dolanmışam. İndi yaşım çoxalıb, ailəmi, anamı, qardaşlarımı, uşaqlarımı düşünməliyəm. Əlbəttə ki, dostlar mənim başımın tacıdır.

- Dost demişkən, Qurban Qurbanovla nədənsə yola getmədiniz...
- “Xəzər Lənkəran”dan öz istəyimlə ayrıldım. Həmin vaxt Qurban Qurbanov özü məni “Qarabağ”a dəvət etdi. Sonradan məlum hadisələr baş verdi. Görünür, onun fəlsəfəsinə uyğun futbolçu deyilmişəm. Qurban barədə çox danışmaq istəmirəm.

“Çempion-Azərbaycan”
0