Apasport.az-ın əməkdaşları yaşıl sahələrdə
18.01.2010 - 13:42
Apasport.az-ın əməkdaşları yaşıl sahələrdə
Azərbaycanın aparıcı idman portallarından olan apasport.az saytı 2010-cu ilin yanvarın ikinci yarısında fərqli iş rejimində çalışır. Bütün hadisələri yerindən işıqlandırmağı hər zaman prioritet elan edən və oxucularına yaşıl sahələrdən canlı reportajlar təqdim edən saytımızın hazırda üç əməkdaşı ezamiyyətdədir.

Əməkdaşlarımız portalın oxucuları üçün Türkiyə, Rusiya və Macarıstanda idmançılarımızdan canlı reportajlar hazırlayır, oyunlardan on-line məlumatlar verirlər.

“Apasport.az”ın redaktoru İxtiyar Əsgərov əksər klublarımızın da, bəzi yığmalarımızın da, hətta hakimlər və PFL rəsmilərinin də təlim-məşq toplanışının keçirildiyi Türkiyədədir. O, müvəqqəti Antalyada “nəfəs alan” futbolumuzun nəbzini elə yerindən tutmağa çalışır.

Müxbir Mehman Süleymanov isə “Bakı”nın ölkəmizə “Birlik kuboku”nu gətirməsinə şahidlik edə bilər. Jurnalist karyerasında bir dəfə - 2006-cı ildə təmsilçimizin (“Neftçi”) Moskvanı kubokla tərk etməsinə canlı şahid olan əməkdaşımız turnirdə komandamızın düşərgəsində baş verənləri, maraqlı futbol adamları və yarış iştirakçıları ilə müsahibələrin bir qismini artıq oxucularımıza təqdim edib.

Portalımızın oxucuları yeni tarixə müxbir Aqşin Əliyevin vasitəsilə şahidlik edəcəklər. O, Futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarından canlı reportajlar, maraqlı materiallar hazırlamaqla yanaşı tariximizdə ilk dəfə final mərhələsində təmsil olunduğumuz yarışdan canlı reportajları ilə oxucularımızı sevindirəcək.

İdmanın nəbzini apasport.az-la tutun! Biz Sizi ən son idman yeniliklərindən anbaan xəbərdar edəcəyik.
0