Yığmamızın oyunçusu zarafatından qalmadı: Mənə əlcək almırlar
18.01.2010 - 13:54
Yığmamızın oyunçusu zarafatından qalmadı: Mənə əlcək almırlar
Futzal üzrə Azərbaycan milli komandasının əslən rus qapıçısı Andrey Tveryankinin apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- Avropa çempionatından nə gözləyirsiniz?
- Fikrimcə, qarşıdakı yarış mənim karyeramda növbəti yüksəliş nöqtəsi olacaq. Yığma üçün əlimdən gələni əsirgəməyəcəyəm. Bundan başqa, Rusiyadakı rəqiblərimə sübut etmək istəyirəm ki, futbolda yaş əsas deyil. Ən başlıcası necə oynamaqdır. Mənim iki aydan sonra 43 yaşım tamam olacaq. Təbii ki, komandamız final mərhələsinə vəsiqə qazandığı üçün çox şadam.

- Sizcə, Azərbaycan yığması qitə çempionatında hansı nəticəni göstərəcək?
- Hamını bu məsələ düşündürür, bununla bağlı sual verir. Qrupda neçənci yeri tutacağımı, hansı nəticəni göstərəcəyimizi soruşurlar. Şübhəsiz ki, qrupda birinci tutmaq istəyirik. Daha sonra imkan qədər irəliləmək niyyətindəyik. Əgər yarımfinalda oynasaq, çox yaxşı olacaq.

- Bəs medal necə, qazana bilərikmi?
- İstəyirik, inanırıq, ümid edirik. Ancaq sonda necə olacağını bəri başdan söyləmək qeyri-mümkündür.

- Rəqiblərimiz haqqında hansı məlumatlarınız var?
- Avropa çempionatı kimi mötəbər yarışda asan oyun olmur. Üstəlik, biz meydan sahiblərini, Macarıstanı sınağa çəkəcəyik. Həm macarlarla, həm də çexiyalılarla qarşılaşmalarda yaxşı çıxış edib, sərfəli nəticə qazanmağı arzulayırıq. Qrupu birinci pillədə başa vurmağımız, 1/4 finalda işimizi asanlaşdıra bilər.

- Amma mənə bir məqam da maraqlıdır. Qapıda həmişə əlcəksiz durursunuz...
- Səbəbini bilmək istəyirsiniz?

- Bəli. Nəyə görə əlcək geyinmirsiniz? Sizə çətin olmur ki?
- Mən hamıya cavab verirəm: komandaya əlcək ala bilmirlər. Pul yoxdur (gülür).
0