Mahmud Qurbanov: “Birlik kuboku”nu da qazansam, əla olardı
18.01.2010 - 14:02
 Mahmud Qurbanov: “Birlik kuboku”nu da qazansam, əla olardı
“Bakı” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanovun apasport.az saytının Moskvaya ezam olunmuş müxbirinə müsahibəsi

- “Birlik kuboku”nda ən çox iştirak edən futbolçularımızdansınız. Budəfəki turnir haqda fikirləriniz maraqlıdır...
- Mənə elə gəlir ki, turnirə maraq elə bil azalıb. İlk oyun həmişə çətin olur. Üstəlik, meydançanın örtüyü pis idi. “Dinamo” manejindəki qazon biz oynadığımız vaxtla müqayisədə xarab olub. Nə qədər çətin olsa da, startda qələbə qazanmağımız sevindirici oldu. HİK-lə oyun həlledici idi. Qalib gələn 1/4 finala vəsiqəni qazanacaqdı. İndi bu vəzifəni “Aktobe” ilə görüşdə yerinə yetirməliyik. Həmişə olduğu kimi, qələbə üçün oynayacağıq.

- “Bakı”nın heyətində ən yaşlı futbolçusunuz. 37 yaşlı Mahmud Qurbanova meydanda gənclərlə oynamalı olur. Bu, sizə çətinlik yaratmır.
- Yox. Düzdür, bir az çətin olsa da, ciddi problem deyil. Çalışacağıq ki, komanda kimi istədiyimizə nail olaq.

- “Bakı”da ehtiyatda qalsanız da, heç də pis formada deyilsiniz. Hər halda, kənardan baxanda oyununun yaxşı təsir bağışlayır, həmin gözəl ötürmələriniz qalıb...
- Mən də oynadığıma görə sevinirəm. Siz jurnalistlərin işi yazmaqdısa, mənim də işim futbol oynamaqdır. Meydanda olanda komandamın uğurlu çıxışı üçün əlimdən gələni edirəm.

- Komandamızı turnirin əsas favoritlərindən saymaq olarmı?
- Biz bura tam heyətlə gəlmişik. Klub prezidenti Hafiz Məmmədovun da istəyi odur ki, kuboku qazanaq. Elə biz futbolçuların özü də bunu arzulayır. Turnirə kim necə baxırsan-baxsın, əsas məqsədimiz turnirin qalibi olmaqdır. Hər halda, elə bizə də futbolçu kimi titul lazımdır.

- Yeri gəlmişkən, Azərbaycanın ən titullu futbolçusu olan Mahmud Qurbanovun kolleksiyasında “Birlik kuboku” çatışmır...
- Mənim kolleksiyamda çox şey çatışmır (gülür). Amma turnirdə çıxış ediriksə, deməli, bunu qazanmaq haqda düşünürük.

- Hər halda, ölkə daxilində çoxlu titullarınız olsa da, kənarda yoxdur. Dəfələrlə “Birlik kuboku”nda çıxış etsəniz də, bunu qazana bilməmisiniz. Hərçənd turniri qazanan “Neftçi” ilə “Xəzər-Lənkəran”ın çempion olan heyətində yer alsanız da, “Birlik kuboku”na qədər bu komandaları tərk etmisiniz...
- Doğrudur. “Neftçi”ni 2005-ci, “Xəzər-Lənkəran”ı 2007-ci ildə çempion olandan sonra tərk etdim. 2008-ci ildə “İnter”lə çempion olsam da, turnir öncəsi “Bakı”ya keçdim. Əlbəttə, indi bu komanda ilə nəhayət, “Birlik kuboku”nu da qazansam, əla olardı.
0