“Bakı”nın futbolçusu: Hamıya sübut etmək istəyirəm ki... - MÜSAHİBƏ
18.01.2010 - 14:47
“Bakı”nın futbolçusu: Hamıya sübut etmək istəyirəm ki... - MÜSAHİBƏ
“Bakı” klubunu yeni transferi Əziz Quliyevin apasport.az saytının Moskvaya ezam olunmuş müxbirinə müsahibəsi

- Həm “Bakı”da, həm də “Birlik kuboku”nda debüt edirsiniz. Meydanda olduğunuz hər iki oyunda yaxşı təsir bağışladınız. Xüsusilə HİK-lə görüşdə sonradan meydana çıxmaqla komandanı gücləndirdiniz...
- İlk oyunda mənim üçün çox çətin idi. Çünki yeni kollektivə hələ tam uyğunlaşa bilməmişdim. “Bakı”nı çox bəyənirəm. Fikrimcə, gələcək oyunlarda qol vurmağım da alınacaq. Hər halda, mən bunun üçün çox çalışıram. Hamıya sübut etmək istəyirəm ki, Azərbaycanda yaxşı yerli futbolçular var və onlar ölkəni layiqincə təmsil etmək gücündədirlər.

- “Bakı”da mövqeyiniz fərqlidir. Yəni əvvəlki komandanız olan “Karvan”da dayaq yarımmüdafiəçisi kimi çıxış etdiyiniz halda, “Bakı”da “Vaxş”la görüşdə hücumda, HİK-lə oyunda sol cinah yarımmüdafiəçisi mövqeyində yer aldınız...
- Bu, baş məşqçisinin taktiki sxemidir. Harada lazımdırsa, orada da oynamağa hazıram. Bu mənada elə bir çətinliyim yoxdur.

- Sizə dağıdıcı, yoxsa yaradıcı oyun daha rahatdır?
- Hər ikisi. Deyərdim ki, mənə həm hücumda, həm də müdafiədə oynamaq rahatdır. Həm dağıdıcı, həm də yaradıcı oyunum pis alınmır. Sadəcə, çalışdırıcım daha çox hücumda oynamağımı qərara alıb. Bu səbəbdən hücumda daha kəsərli olmağa, rəqib qapısı qarşısında təhlükə yaratmağa çalışıram.

- Olimpiya yığmamızın da üzvü olan 23 yaşlı Əziz Quliyev beynəlxalq oyun təcrübəsinin azlığı baxımından gileylənmir ki?
- Yox. Rusiyada böyümüşəm, normal məktəbim olub. Vladiqafqaz şəhərində idman məktəbini qurtarmışam. “Alaniya” klubunun heyətində yer almışam. Sadəcə, bir az təcrübə toplamaq lazımdır. Hər halda, hələ gəncik.

- “Birlik kuboku” sizdə hansı təəssürat oyadıb?
- “Birlik kuboku” çox xoşuma gəlir. Turniri yaxşı təşkil ediblər. Düzdür, “Dinamo” manejində qazon pis idi. Elə örtükdə oynamaq bizə çətinlik yaradırdı. Ancaq “Olimpiya” İdman Kompleksinin stadionunun qazonu çox yaxşıdır.

- “Bakı” ilə “Karvan”ı necə müqayisə edərdiniz?
- Hələ ki komandada yeniyəm, tam uyğunlaşmaq üçün vaxt lazımdır. Hər halda, “Bakı”da yaxşı ab-hava hökm sürür. Komanda yoldaşlarımın hamısı da yaxşıdır. Bir sözlə, bir-birimizlə yaxşı anlaşırıq.

- Bülənt Korkmaz kimi tanınmış şəxsin komandasında çalışmaq sizə nəsib olub. Yeni baş məşqçiniz haqda nə deyə bilərsiniz?
- Korkmazın rəhbərliyi altında çalışmaq mənim üçün çox xoşdur. Əslində məşqçilər baxımından bəxtim gətirib. “Karvan”da baş məşqçim olan Yunis Hüseynov Azərbaycanda, Korkmaz isə Türkiyədə çox məşhur adamdır. Fikrimcə, türkiyəli mütəxəssislə də işbirliyim uğurlu alınacaq.

- Turniri qazanmaq perspektivinə necə baxırsınız?
- Biz bunun üçün sona kimi döyüşəcəyik. Qarşımızda duran vəzifə “Birlik kuboku”nu qazanmaqdır. Bakıya kubokla qayıtmaq istəyirik.

- Ancaq bunun üçün ilk növbədə qrupdan çıxmaq lazımdır. HİK-lə oyunda xal itirdiniz...
- Hələ ehtiyatda bir oyunumuz var. Bizi qarşıda Qazaxıstanın “Aktobe” ilə sınaq gözləyir. Həmin vacib görüşdə qələbə qazanmağa çalışacağıq.
0