“Vaqif Cavadovun gedişi bizim üçün itkidir” - MÜSAHİBƏ
18.01.2010 - 17:10
“Vaqif Cavadovun gedişi bizim üçün itkidir” - MÜSAHİBƏ
Dünən “Qarabağ” Antalya hazırlığı çərçivəsində “Anji” ilə yoxlama matçı keçirdi. 1:0 hesablı qələbədən sonra komandanın baş məşqçisi Qurban Qurbanov pfl.az saytına müsahibə verib.

- Qurban müəllim, Antalyada ilk yoxlama oyununu keçirdiniz. Oyun haqqında nə deyə bilərsiniz?
- Qeyd etdiyiniz kimi, bu Antalyada keçirdiyimiz ilk oyun idi. Oyundan və futbolçularımdan razı qaldım. Qarşıdakı günlərdə daha bir neçə yoxlama oyunu keçirməyi nəzərdə tutmuşuq. Fevralda Premyer Liqada bizi ağır oyunların gözlədiyini bilirik. Ona görə də bu oyunlara çox ciddi hazırlaşırıq.

- “Anji” ilə oyunda üç oyunçunu sınaqdan keçirdiniz. Baxışda olan futbolçuların çıxışından razı qaldınızmı?
- Bu futbolçular 3-4 gündür ki, komandamıza qoşulublar, komanda ilə birlikdə hər gün məşq edirlər. Baxışda olan futbolçulardan ikisini yola saldıq. Sloveniyalı yarımmüdafiəçi Borut Semler isə pis təsir bağışlamadı. Lakin onu da qarşıdakı oyunlarda yenidən sınamaq istəyirəm. Tam istədiyim kimi özünü göstərə bilməsə, yəqin ki, onu da yola salacağıq.

- Vaqif Cavadovun “Tvente”yə keçidinə münasibət bildirərdiniz?
- İlk növbədə Vaqifi təbrik edirəm və sevinirəm ki, “Tvente” kimi komandaya transfer olundu. Bizim üçün sevindiricidir ki, Vaqif məhz bizim komandadan Avropaya getdi. Arzu edirəm ki, Azərbaycan futbolunu Avropada layiqincə təmsil etsin.

- Vaqifin “Tvente”yə keçidini “Qarabağ” komandası üçün itki saymaq olarmı? Komandada onu əvəzləyəcək futbolçu olacaqmı?
- Təbii ki, Vaqifin gedişi bizim üçün itkidir. O, “Qarabağ”a çox uyğunlaşmışdı, artıq neçə il idi ki, komandada çıxış edirdi. Onun səviyyəsində yeni futbolçu yetişdirməyə çalışacağıq. Yaxud da, onun yerini layiqincə dolduracaq futbolçu transfer edəcəyik.

- Bu futbolçu yerli olacaq yoxsa əcnəbi?
- Əgər legioner futbolçu istədiyimiz səviyyədə olacaqsa, niyə də olmasın? Hal-hazırda Rəşad Kərimovu “Xəzər Lənkəran”dan transfer etmişik və onunla 1,5 ilik müqavilə imzalamışıq. Bugünkü oyunun 2-ci hissəsində onu oyuna buraxdım, çox yaxşı təsir bağışladı.

- Burada biz bir çox ölkələrdən futbol menecerlərini gördük. Hazırlıq dövründə futbolçularınızdan hər hansı birinə təklif gələrsə, başqa kluba transfer oluna bilərlərmi?
- Xeyr, komandadan bu gün üçün heç bir oyunçum başqa kluba getməyəcək. Ancaq Avropa klublarından ciddi təklif gələrsə, o halda fikirləşə bilərik. Hal-hazırda real bir təklif yoxdur. Yəqin ki, mövsüm sonuna kimi bütün futbolçularım komandada qalacaq.

- Unibank Premyer Liqasında “Qarabağ”ı çox ağır oyunlar gözləyir. Xüsusi ilə də ilk altılıq uğrunda mübarizədə. Bu heyətlə məqsədinizə çatmaq Sizə çətin olmayacaq ki?
- Çatışmazlıqlar var, biz də çalışmalıyıq ki, bu onları aradan qaldıraq. Oyunçu sayımızı çoxaltmalıyıq, Rəşaddan başqa daha bir neçə futbolçunu transfer etməliyik. Çox istərdim ki, komandaya qoşulacaq yeni futbolçular yerli olsun. Legioner futbolçular isə gərək biz istədiyimiz səviyyədə olsun, komandaya xeyir versin. Əgər belə olmasa, Premyer Liqaya elə bu heyətlə davam edəcəyik.

- Qurban müəllim, keçən il Avropa oyunlarında bir ilkə imza atdınız. Sizcə bu il həmin uğurun davamını gətirə biləcəksinizmi?
- Bunun üçün biz ilk növbədə Avrokuboklara vəsiqə qazanmalıyıq. Premyer Liqada ilk altılığa düşməli, sonra da Avropaya vəsiqə verən yerlərdən birini tutmalıyıq. Bütün bunları təmin etdikdən sonra o bərədə düşünməyə dəyər. İndidən bu haqda danışmaq çox tezdir. Düzdür, altılıqda yaxşı şanslarımız var, lakin arxayınlaşmamalıyıq.
0