Mahir Şükürov meydana çıxmamasına aydınlıq gətirdi - MÜSAHİBƏ
18.01.2010 - 17:14
Mahir Şükürov meydana çıxmamasına aydınlıq gətirdi - MÜSAHİBƏ
Azərbaycan yığmasının və Rusiyanın "Anji" klubunun futbolçusu Mahir Şükürovun müsahibəsi

- Mahir, bildiyimiz kimi Mahaçqalanın "Anji" klubu ilə danışıqlar aparırdın. Rəsmi müqavilə imzalandımı?
- Bəli, artıq qarşıdakı 3 il müddətində "Anji"nin şərəfini qoruyacam. Mən legioner həyatı yaşamağı qarşıma məqsəd qoymuşdum. Bu qış olmasa da, yayda mövsüm bitdikdən sonra mütləq bunu həyata keçirmək istəyirdim. Mənə "Anji"dən təklif gəldi, mən də bu təklifi dəyərləndirdim. Artıq yanvarın 9-dan "Anji"nin düşərgəsindəyəm.

- Gördüyümüz kimi "Anji"nin heyətində legioner futbolçular çoxluq təşkil edir?
- Müəyəyən qədər legioner var. Daha çox gürcü futbolçulara üstünlük veriblər. Bir neçə xarici futbolçunu da baxışa dəvət ediblər. Çexiyadan, Serbiyadan, hətta Moldova millisindən də baxışda olan futbolçular var.

- Yeni baş məşqçin səni müdafiənin sağında oynatmaq istəyir. Sən özün daha çox hansı mövqedə oynamaq istərdin?
- Mənim üçün hansı mövqedə oynamağımın elə bir önəmi yoxdur. Milli komandada yarımmüdafiəçi kimi, "İnter" klubunda isə müdafiəçi kimi çıxış edirdim. Məşqçi hansı mövqedə oynatsa, özümü ən yaxşı cəhətdən göstərməyə çalışacam. Ancaq yarımmüdafiəçi kimi çıxış etməyin üstünlüyü var. Hücuma tez-tez qoşula bilirsən, özünü daha yaxşı göstərə bilirsən, komandaya daha çox fayda verə bilirsən.

- Öz mövqeyində "Anji"də rəqabət aparacağın futbolçu varmı?
- Komandanın heyətində məndən başqa həmin mövqedə bir futbolçu var, ancaq mən rəqabətdən çəkinmirəm. Rəqabət olmalıdır ki, inkişaf olsun. Rəqabət olmasa, istər-istəməz hər bir futbolçuda arxayınlıq yaranır. Mən də istəyirəm ki, özümü göstərim, daha da irəli gedim. Məşqçimiz də cavandır. Hamımız birlikdə uğurlu çıxış etməliyik ki, həm biz, həm də o özünü təsdiq edə bilsin.

- Hal-hazırda fərdi məşq edirsən. Bunun səbəbi nədir?
- Artıq 5-6 gündür ki, "Anji"də məşq edirəm. Komandaya qoşulduqdan sonra baş məşqçi ilə söhbətimiz oldu. Məndən çempionatımızın nə vaxt bitdiyini soruşdu və ümumiyyətlə fiziki durumum barədə maraqlandı. Premyer Liqanın dekabrın 24-də bitdiyini və çox az dincəldiyimi öyrəndikdən sonra mənə ağır məşqlər verməməyi qərara aldı. Tam bərpa olmaq üçün fərdi çalışmağımı istədi.

- Məşqlərdə hər hansı fərq görürsən?
- Təbii ki, hər bir məşqçinin öz üslubu var. Sözün düzü, hələ təzə məşqlərə başlamışam. Hiss edirəm ki, Omari Tetradze daha çox toplu çalışmalara üstünlük verir.

- Rəhbərlik tərəfindən yeni mövsümdə qarşınıza hansı məqsədlər qoyulub?
- Premyer Liqaya yüksələn kimi iddialı yerlər uğrunda mübarizə aparmaq məncə real deyil. Baş məşqçi ilə söhbətimizdə orta yerlər uğrunda oynayacağımızı bildirdi. Bu mövsüm orta sıralarda qərarlaşıb, gələn il daha yüksək nəticələr qazanmaq lazımdr.

- Komandaya uyğunlaşa bildinmi? Yeni komanda yoldaşlarınla darıxmırsan ki?
- Bu problemi mən Türkiyədə "Antalyaspor"da oynayarkən yaşamışdım. Heç cür komandaya uyğunlaşa bilmirdim. Oyunçular mənə qarşı çox soyuq rəftar edirdilər. Demək olar ki, məşqdən sonra bütün günü mehmanxanada tək qalırdım. Amma, tam səmimi deyirəm, "Anji"də məni çox isti qarşıladılar. Açığı heç özüm də gözləmirdim. Mən bura gələndə "İnter"dəki gürcü futbolçular artıq mənim haqqımda "Anji"dəki həmyerlilərinə məlumat vermişdilər. Komanda çox mehribandır, harasa gedəndə bir gedirik. Xüsusi ilə gürcü futbolçularla bir yerdə çox vaxt keçiririk.

- Futbolda maddi amil də çox önəmlidir. Bu baxımdan "Anji"də itirmədin ki?
- Futbolçu ömrü qısadır. Ona görə də maddiyata önəm vermək lazımdır. "Anji"də Azərbaycanda qazandığımdan daha çox qazanacam.

- "Anji"nin heyətində hansı nömrə ilə çıxış edəcəksən?
- Ən sevimli nömrəm 4-dür. Burada həmin nömrəni mənə verdilər. Bu nömrə mənim üçün cox uğurludur. Sabah (bu gün) keçmiş komandam "İnter"lə yoldaşlıq oyununda qarşılaşacağıq. Baş məşqçimiz məni oynadacağını bildirib. Ümid edirəm ki, uğurlu başlanğıc olacaq.

pfl.az
0