“Bakı” “Aktobe”dən zəif deyil”
18.01.2010 - 18:23
“Bakı” “Aktobe”dən zəif deyil”
“Bakı” iştirak etdiyi “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində sabahkı rəqibi Qazaxıstan “Aktobe”sini iş başında görüb. Apasport.az saytının Moskvaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, “Bakı”nın məşqçisi Məqsəd Yaqubəliyev “Aktobe”nin Tacikistanın “Vaxş” klubu görüşü izləmək üçün “Dinamo” manejində olub.

45 yaşlı çalışdırıcı növbəti rəqib haqda qeydlərini türkiyəli baş məşqçisi Bülənt Korkmaza çatdırıb. Yaqubəliyev saytımıza açıqlamasında “Aktobe”nin qiymətləndirib: “Yaxşı komandadır. Əsas üstünlüyü sabit heyətə malik olmasıdır. Bu üzdən futbolçular meydanda çox gözəl anlaşırlar. “Aktobe” oyun nizam-intizamı, topla yaxşı davranması ilə seçilir. Meydanda geniş oynayır, uzun ötürmələrdən istifadə edib, təhlükəli əks-hücumlar qura bilərlər”.

“Aktobe”nin güclü olmaqla yanaşı, zəif tərəflərini özü üçün aydınlaşdıran “Bakı”nın məşqçisinin fikrincə, meydanda fədakarlığının istənilən səviyyədə olmamağı işlərinə yaraya bilər: “Təbii ki, Qazaxıstan çempionunun zəif tərəfləri də var. Biz də oyunda bundan istifadə etməyə çalışacağıq. “Bakı” “Aktobe”dən zəif deyil. Biz qrupda son görüşə heç-heçə oynamaq üçün çıxmayacağıq. Bu, bizi qane etmir. “Bakı” “Aktobe” ilə görüşdə də öz oyun üslubuna sadiq qalacaq”.
0