“Əgər sabah Azərbaycan yığmasına uduzsaq...”
18.01.2010 - 19:09
“Əgər sabah Azərbaycan yığmasına uduzsaq...”
“Sabah Azərbaycana məğlub olmağı ağlımıza belə gətirmirik. Yox, əgər uduzsaq, qrupda keçirəcəyimiz növbəti matçda hər şeyi yaxşıya doğru dəyişməyə çalışacağıq”. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu sözləri Avropa çempionatının startı ərəfəsində təşkil olunan mətbuat konfransında Macarıstan futzal yığmasının baş məşqçisi Mihali Kozma deyib.

54 yaşlı çalışdırıcı sabah qitə çempionatının A qrupunda Azərbaycan milli komandasına qarşı keçirəcəkləri oyun barədə danışıb. O, yığmamız haqda məlumatlı olduğunu bildirib: “Azərbaycan komandası mənə tanışdır. Biz bir il əvvəl tanış olmuşuq. Avropa çempionatının Macarıstanda keçirilməsi yığmamızın uğurlu çıxışı üçün böyük imkan yaradır. Bundan başqa, yarış ölkədə uşaqların futzala marağının artmasına stimul verir”.

Favoritlərindən söz düşəndə isə Kozma vurğulayıb ki, A qrupunda ən yaxşı komanda məhz meydan sahibləridir: “Mənə elə bir məşqçi göstərə bilərsinizmi ki, o, qalib gəlmək istəmir? Favoritlər sırasına özümüzü aid edirik”.

Qeyd edək ki, milli komandamız A qrupu çərçivəsində yanvarın 19-da Macarıstan, ayın 21-də isə Çexiyanı sınağa çəkəcək.
0