Joze Alesio da Silva: Heç bir sürprizimiz yoxdur
18.01.2010 - 19:52
Joze Alesio da Silva: Heç bir sürprizimiz yoxdur
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio da Silva bu gün Macarıstanın paytaxtı Budapeştdə mətbuat konfransı keçirib. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, braziliyalı mütəxəssis yığmamızın 19-30 yanvar aralığında Macarıstanda gerçəkləşəcək Avropa çempionatının oyunlarına hazırlığından danışıb.

O, milli komandamızın A qrupunda favorit göstərilməsi fikri ilə razılaşmayıb: “Çoxları deyir ki, Azərbaycan qrupun favoritidir. Ancaq mən belə düşünmürəm. Çünki bizim qrup çox güclüdür. Macarıstan ev sahibi qismində yarışa qatılır. Çexiyanın da çox yaxşı komandası var”.

Turnirə ciddi hazırlaşdıqlarını söyləyən Silva Budapeştə 14 yox, 12 futzalçı ilə gəlmələrinin səbəbini açıqlayıb: “Bəzi oyunçularımız zədələndilər. Yeni oyunçuların sifarişi zamanı isə viza və digər sənədlərdə yubanmalar oldu. Sonda yarışa 12 fuzalçını aparmaq qərarına gəldik”.

Braziliyalı çalışdırıcı vurğulayıb ki, sabah saat 20:30-da başlanacaq Macarıstanla oyuna xüsusi hazırlaşmağa ehtiyac olmayıb: “Bizim macarlara qarşı heç bir sürprimiz yoxdur. Avropa çempionatına həmişə olduğu kimi, hazırlaşmışıq. İnanıram ki, qənaətbəxş nəticəyə imza atacağıq”.
0