“Bakı”nın 1/4 final taleyi: uğurlu tendensiya, arzuolunmaz rəqib
19.01.2010 - 00:00
“Bakı”nın 1/4 final taleyi: uğurlu tendensiya, arzuolunmaz rəqib
Bu gün “MDB və Baltiktanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində qrup mərhələsinə yekun vurulacaq. Apasport.az saytının Moskvaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, təmsilçimiz “Bakı” klubunun 1/4 final iştirakçıları arasında olub-olmayacağı da məhz son oyunda müəyyənləşəcək.

Bülənt Korkmazın komandası iki turdan sonra qrupda lider olsa da, növbəti mərhələyə çıxmasını hələ rəsmiləşdirməyib. Bunun üçün “Bakı”ya “Aktobe” (Qazaxıstan) ilə görüşdə 1 xal da kifayətdir. Hər halda, Finlandiyanın HİK klubunun autsayder olan Tacikistan “Vaxş”ı ilə görüşdə uduzacağı real görünmür. Deməli, Korkmazın yetirmələri Qazaxıstan çempionu ilə görüşdə ən azı heç-heçə etməlidir.

Ancaq nəzərə almaq lazımdır ki, “Aktobe” bizim üçün arzuolunmaz rəqib sayılır. Hər halda, “Birlik kuboku”nda indiyədək bu komandanı məğlub edə bilməmişik. “Neftçi” ilə “Xəzər-Lənkəran” turnirin qalibi olduğu illərdə (2006 və 2008) “Aktobe” ilə bir qrupa düşüb və həmin vaxt da son turda görüşüb. Flaqman rəqibi ilə 1:1 hesablı heç-heçə etdiyi halda, lənkəranlılar uduzub – 0:1. Yeri gəlmişkən, bu, “Xəzər-Lənkəran”ın həmin vaxt Sank-Peterburqda keçirilən turnirdə yeganə məğlubiyyəti olub.

“Aktobe” ötən il ölkəmizi “Birlik kuboku”nda təmsil edən Bakının “İnter” klubunun finala yolunu bağlayıb. Rus mütəxəssis Vladimir Muxanovun çalışdırdığı komanda yarımfinalda “İnter”ə 1:0 hesabı ilə qalib gəlib. Bu, “Aktobe”nin turnirdə ən böyük uğurudur və finalda Moldovanın “Şerif” klubuna məğlubiyyət kuboku qazanmağa imkan verməyib. “Oturulmuş heyət”i olan Muxanovun sərəncamında yığma oyunçuları, Rusiya Premyer Liqasında böyük oyun təcrübəsinə malik futbolçular var.

Göründüyü kimi, “Bakı” “Aktobe”ni yenəcəyi halda, futbol tariximizdə ilkə imza atacaq və arzuolunmaz ənənəyə son qoyacaq. Rəqibin heyətində ciddi itkinin olması işimizə yarayır. Belə ki, “Aktobe”nin təcrübəli müdafiəçisi Petr Badlo komandamıza qarşı oynaya bilməyəcək. Buna səbəb 34 yaşlı qazax futbolçunun Tacikistanın “Vaxş” klubu ilə görüşdə (2:0) qırmızı vərəqə alıb, cəzalı duruma düşməsidir.

“Bakı”da xorvat yarımmüdafiəçi Ernad Skuliçlə braziliyalı hücumçu Jaba turnirdə sarı vərəqə alsalar da, bu, onlara “Aktobe” ilə görüşdə cəza ilə bağlı problem yaratmır. Komandamızda yeganə itki Əhməd Ticaninin yoxluğu ilə bağlıdır. Belə ki, 23 yaşlı nigeriyalı hücumçu Türkiyədə cərrahiyyə əməliyyatından sonra bərpa dövrü keçir və onun yaşıl meydana qayıdışı təxminən iki aydan sonra olacaq.

“Bakı”nın “Aktobe” ilə həlledici oyunda lehinə olan amil də var. Belə ki, komandalarımız 2005-ci ildən bu yana “Birlik kuboku”nda ən azı qrupdan çıxmaqla bağlı uğurlu tendensiyanı davam etdirir. “Neftçi” 2005 və 2006-cı illərdə ardıcıl iki dəfə final iştirakçısı oldu. 2007-ci ildə “Bakı” 1/4 finalda mübarizəni dayandırdı. Son iki ildə isə “Xəzər-Lənkəran”ın turnirin qalibi olması, “İnter”in isə yarımfinala kimi irəliləməsi haqda yuxarıda məlumat vermişdik. “Birlik kuboku”nda sonuncu dəfə qrupdan çıxmayan komandamız 2004-cü ildə “Qarabağ-Azərsun” olub.

Qeyd edək ki, iki turdan sonra 1/4 finala üç komanda – Ukrayna “Dinamo”su (Kiyev), Özbəkistan “Bunedkor”u və Türkmənistan MTTU-su vəsiqə qazanıb. Qalan beş komandanın adı bu gün müəyyənləşəcək. “Olimpiya” İdman Kompleksinin manejində Bakı vaxtı ilə saat 14:00-da başlayacaq “Bakı” – Aktobe” oyununu saytımızın Moskvaya ezam olunmuş xüsusi müxbiri canlı izləyəcək.
0