“Rəhbərlik məni “Qarabağ”a satmadı” - MÜSAHİBƏ
19.01.2010 - 00:42
“Rəhbərlik məni “Qarabağ”a satmadı” - MÜSAHİBƏ
Tarixinin ən uğursuz mövsümün keçirən “Karvan” qış fasiləsinə sonuncu pillədə yollandı. Ona görə də, “Transfer pəncərəsi”nin açıq olmasından istifadə edən Yevlax təmsilçisi heyətini gücləndirməklə məşğuldur. Artıq bu məqsədlə bir neçə futbolçu “ağ-qaralar”ın heyətinə qoşulub. Qış fasiləsindən sonra Yunis Hüseynovun rəhbərliyi altında oynayacaq futbolçulardan biri də “İnter”in gənc üzvü Şəhriyar Rəhimovdur. U-21-in də formasını geyinən müdafiəçi qarşıdakı 6 ayı icarə əsasında “Karvan”da keçirəcək. Artıq yeni komandası ilə ilk oyununa da çıxan Rəhimov uğursuz debütlə yadda qalıb. Belə ki, “Karvan” yoldaşlıq görüşündə “Neftçi”yə 1:6 hesabı ilə uduzub. Gənc müdafiəçi ilə söhbətə məhz darmadağınla nəticələnən oyundan başladıq. Suallarımızı səmimiliklə cavablandıran Şəhriyar “İnter”də çıxış edən legionerlərdən zəif olmadığını dedi.

- Əvvəlcə, “Karvan”a keçməyin münasibətilə səni təbrik edirik. Yevlax klubunun heyətində “Neftçi” ilə yoxlama görüşündə 45 dəqiqə oynamaq imkanı əldə etdin. İstərdik o oyun haqda fikirlərini bildirəsən. Böyük hesabla məğlub olmağınızın səbəbi nə idi?
- Bu, “Karvan”ın heyətində ilk oyunum idi. Əgər həmin oyunda 1:6 hesabı ilə uduzmuşuqsa, deməli, oynamamışıq. “Neftçi”dən fərqli olaraq biz hazırlığa yeni başlamışıq. Demək olar ki, komanda yenidən qurulub. Oyunçuların çoxu yeni gələnlər idi, bir-birinin oyunlarına bələd deyildilər. Ona görə də hesab arasındakı fərq böyük oldu. Ancaq belə yoldaşlıq görüşlərində nəticənin heç bir önəmi yoxdur. Əsas məqsəd baxışa gələn futbolçuları iş başında yoxlamaqdır. Qış fasiləsindən sonra “Neftçi”ni Yevlaxda qəbul edəcəyik. Allah qoysa, əsl gücümüzü həmin oyunda göstərib, revanş alacağıq.

- Necə oldu ki, “Karvan”a keçidin baş tutdu?
- “İnter”in heyətində az oynayırdım. İlk “18-lik”ə düşməkdə çətinlik çəkirdim. Özüm də istəyirdim ki, oynaya biləcəyim bir komandaya gedim. Ona görə də qərara gəldim ki, “Karvan”a keçim. Əsas heyətə düşmək üçün sonacan mübarizə aparacağam.

- “Karvan”dan başqa hansısa komandadan təklif var idimi?
- Mövsümün əvvəlində “Qarabağ” transfer etmək istəyirdi. Ancaq rəhbərlik satmağa razı olmadı. Ona görə də “İnter”də qaldım. “Karvan”da icarə əsasında oynayacağam.

- “İnter”də əsas heyətə düşə bilməməyini nə ilə əlaqələndirirsən?
- Ola bilsin, cavan olduğuma görə məşqçi mənə inanmasın. Həm də mənim mövqeyimdə iki legioner, eyni zamanda millimizin kapitanı Samir Abbasov kimi futbolçular oynayır. “İnter”də rəqabət güclüdür. Lakin özümü legionerlərdən zəif hesab etmirəm. Onlar məni, sadəcə, oyun təcrübəsində qabaqlayırlar.

- “İnter” uşaq futboluna ən çox maliyyə ayıran klublardandır. Ancaq nədənsə, əvəzedici heyətdən əsas komandaya oyunçu götürmürlər. Səncə, bu nə ilə əlaqəlidir? Əvəzedici heyətə güvənmirlər, yoxsa futbolçular zəifdir?
- Düzünü deyim, bizim əvəzedici heyət mənim xoşuma gəlmir. “Neftçi” və “Qarabağ”la müqayisədə çox zəifdir. “Neftçi” və “Qarabağ” topla oynayan komandalardır. Yəni gözə xoş gələn futbol nümayiş etdirirlər. Ancaq bizim komanda güc futboluna üstünlük verir. Əvəzedici heyətdə gözə çarpan 3-4 futbolçu var. Onlar da Premyer Liqada “İnter” kimi çempionluğa oynayan komandalarda forma geyinməyə hazır deyillər. “İnter”in uşaq futbolundan yetişən yeganə oyunçu, demək olar ki, mənəm. Gördüyünüz kimi, mən də əsas heyətə düşməkdə çətinlik çəkirəm.

- Əvvəlki məşqçi Valentin Xodukinin dövründə əvəzedici heyətə münasibət necə idi, indi necədir? Dəyişən bir şey olubmu?
- İnsaf naminə deyim ki, “İnter” rəhbərliyi əvəzedici heyətə böyük qayğı göstərir. Heç bir komanda əvəzedici heyəti ölkə xaricinə hazırlığa göndərmirdi. Ancaq “İnter” rəhbərliyi onların ölkə xaricində hazırlıq keçməsi üçün hər bir şərait yaradıb. Bu il də Ukraynaya toplanışı göndəriblər. Dəyişən bir şey yoxdur. Kaxaber Tsxadadze əvəzedici komandanın oyunlarını izləyir. Valentin Xodukin də baş məşqçi işləyən vaxt gəlib oyunlarımızı seyr edirdi. Komandada məşqçi dəyişikliyi olsa da, əvəzedici heyətə baxış tərzində ciddi bir dəyişiklik görmürəm.

- “Qarabağ” əsas heyətə düşə bilməyən futbolçuları “Turan” kimi maliyyə imkanı zəif olan və bu cür futbolçulara ehtiyacı olan komandalara göndərdi. Həmin uşaqlar da bu fürsətdən maksimum istifadə edərək özlərini yaxşı tərəfdən göstərib əsas komandaya geri döndülər. Sən necə, öz potensialını “Karvan”da aça biləcəksənmi?
- Əvvəlcədən nəsə deməyim düzgün olmaz. Bacardığımı edəcəyəm ki, əsas heyətdə oynamağa layiq olduğumu sübut edim. Çünki mən 6 aydan sonra “İnter”ə qayıdacağam. Komandama hazır, əsas heyətdə oynaya biləcək səviyyədə dönmək istəyirəm. Ona görə də “Karvan”da özümü yaxşı tərəfdən göstərməliyəm. Seçimimdə yanılmadığımı güman edirəm. Yunis müəllimin məşqçiliyinə söz ola bilməz. Futbolçularla necə davranacağını, işləyəcəyini çox gözəl bilir. Onun rəhbərliyi altında çıxış edib, potensialımı açacağımı düşünürəm.

- Əgər “Karvan”da əsas heyətə düşsən və komanda səni daha 1 illiyinə icarəyə götürsə, hansı addımı atacaqsan? “İnter”ə geri dönəcəksən, yoxsa “Karvan”da oynamağa davam edəcəksən?
- Onu zaman göstərəcək. “İnter” rəhbərliyi ilə danışacağam. Əgər əsas heyətdə oynayacağımı desələr, geri dönəcəyəm, əks təqdirdə “Karvan”da qalacağam. Hazırda mənim elə dövrümdür ki, gərək oynayım. Gündən-günə oyunumda irəliləyiş olmalıdır.

- Sən eyni zamanda 21 yaşadək futbolçulardan ibarət milli komandanın əsas oyunçularındansan. U-21-in uğursuz çıxış etməsinin səbəbini nədə görürsən?
- U-21-in üzvlərinin hamısı ayr-ayrılıqda güclü futbolçulardır. Hamısı Premyer Liqada öz komandalarının əsas heyətində mübarizə aparır. Ancaq nədənsə oyunumuz alınmır, heç özümüz də səbəbini bilmirik. Neçə oyundur ardıcıl məğlub oluruq. Desəm ki, kollektiv pisdir, yalan olar. Əla kollektivimiz var. Bunun səbəbini U-21-də çıxış edən heç bir uşaq bilmir. Hərdən oturub özümüzə sual veririk ki, niyə belə olur, hər oyun uduzuruq. Heç kim suala cavab verə bilmir.

Mənbə: “Futbol dünyası” qəzeti
0