Elxan Məmmədov: Mən iki il əvvəl AFFA-da təzə işə başlayanda...
19.01.2010 - 01:11
Elxan Məmmədov: Mən iki il əvvəl AFFA-da təzə işə başlayanda...
“İlk oyunumuzun Macarıstana qarşı olmasına həm kədərlənirəm, həm də sevinirəm. Çox güman ki, bizimlə görüşdə yerli azarkeşlər zalı dolduracaqlar. Buna görə də Macarıstanda Azərbaycan yığmasına maraq çox artıb”. Bu sözləri apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbiri ilə söhbətində AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

O, Macarıstanla matçda yığmamızı 50-dən çox soydaşımızın dəstəkləyəcəyini bildirib: “Biz Azərbaycanın Macarıstandakı səfirliyi ilə əlaqə saxlamışıq. Səfir Həsən Həsənov çox sağ olsun ki, komandamızla görüşüb, dəstək olub. İnanıram ki, oyun zamanı futzalçılarımızı buradan və qonşu ölkələrdən gəlmiş 50-dən çox azarkeş dəstəkləyəcək”.

Məmmədov hətta çempion ola biləcəyimizi istisna etməyib: “Futzal yığmamız tarixdə ilk dəfə Avropa çempionatının final mərhələsində mübarizə aparacaq. Bizim bu yarışa vəsiqə qazanmağımızın özü uğurlu nəticədir. Minimum vəzifəmiz 1/4 finala yüksəlməkdir. Yaxşı heyətimiz, yaxşı məşqçimiz var, komanda daxilində abu-hava əladır. Fikrimcə, hakimliyi və ya azarkeşləri bəhanə gətirmək lazım deyil. Qol vurub, qələbə qazanmalıyıq. Bizim Macarıstandan kubokla qayıtmağımız da mümkündür. Əgər iki il əvvəl, mən AFFA-da təzə işə başlayanda, soruşsaydınız ki, belə mötəbər turnirdə oynaya bilərik? Cavabında “yox” deyərdim. Ancaq bu, gerçəyə çevrildi. İndi də hər şey mümkündür”.

Baş katib uğurlu nəticəyə qazanılacağı təqdirdə, futzalçılara xüsusi mükafat veriləcəyini vurğulayıb. Lakin o, mükafatın məbləğini açıqlamaqdan imtina edib.
0