“Bu, onun öz günahıdır” - MÜSAHİBƏ
19.01.2010 - 01:28
“Bu, onun öz günahıdır” - MÜSAHİBƏ
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- Avropa çempionatının startına bir neçə saat qalıb. Bu mötəbər yarışda milli komandamızdan hansı nəticəni gözləyirsiniz?
- Yığmamız Macarıstana qarşı keçirəcəyimiz ilk oyuna hazırdır. Təbii ki, meydan sahibləri ilə görüş çox çətin olacaq. Ancaq ümidvaram ki, 1/4 finala 100 faizlik göstərici ilə məhz bizim komandamız çıxacaq.

- Macarlarla oyunda rəqibi böyük azarkeş kütləsi dəstəkləyəcək. Sizcə, futzalçılarımız bu psixoloji təzyiqə davam gətirə biləcəkmi?
- Açılış matçında 7000 azarkeşin dəstəkləyəcəyi yerli komandaya qarşı mübarizə aparacağıq. Psixoloji cəhətdən futzalçılarımız üçün çətin olacaq. Buna baxmayaraq, futzalçılarımız peşəkardır və belə auditoriyada heç də birinci dəfə deyil ki, oyuna çıxırlar. Çətin olsa da, yığmamızın qalib gələcəyinə inanıram.

- Yığmamızın baş məşqçisi Joze Alesio da Silvadan mətbuat konfransında Budapeştə nəyə görə 14 yox, 12 futzalçı gətirdiklərini soruşdular. Son anda milli komandamızın heyətindən Ağatahir Əzimov və Elnur Qəmbərovun uzaqlaşdırılmasına səbəb nədir?
- Bura 14 oyunçu da gətirə bilərdik. Təlim-məşq toplanışlarında 18 futzalçı iştirak edirdi. Lakin hazırlıq mərhələsinin son bir həftəsində məşqçilər heyəti komandada 12 oyunçu saxlamağı məqsədəuyğun saydılar.

- Yəni, heyətdən çıxarılan futzalçılarla rəhbərlik arasında heç bir problem olmayıb? Məsələn, əməkdar futzalçımız Ağatahir Əzimovun Budapeştə gətiriləcəyi çox gözlənilirdi...
- Təbii ki, Ağatahir Əzimov peşəkar oyunçudur, Azərbaycan futzalında onun öz dəst-xətti var. Lakin o, təlim-məşq toplanışlarına gec qoşuldu. Axırıncı 3-4 ayda biz ona dəfələrlə demişdik ki, fərdi və ya öz komandası ilə hazırlaşsın. O, son bir ayda milli komandamızın heyətində yer aldı. Hətta Bakı turnirində də iştirak etdi. Ancaq yenə də son söz baş məşqçiyə aiddir. Baş məşqçi hesab etdi, Əzimov tam hazır deyil.

- Belə çıxır ki, o, özü günahkardır?
- Təbii ki. Biz hələ yayda ona sözümüzü demişdik, hazırlaşmağı tapşırmışdıq. Hazırlaşmayıbsa, bu artıq onun öz problemi, günahıdır. Yenə də vaxt var. Apreldə UEFA kuboku uğrunda yarışın “Dördlər final”ı keçiriləcək. Hazırlaşacaqsa, heyətdə yer alacaq. Bizim bütün futzalçılara, o cümlədən Ağatahir Əzimova böyük hörmətimiz var. Ancaq nəzər almaq lazımdır ki, milli komandamız bütün ölkəni təmsil edir. Bizə tam hazırlıq oyunçular lazımdır.

- Şübhəsiz ki, çempionatla bağlı yığma üzvləri ilə görüşünüz olub. Onlara nə tapşırmısınız? Qarşıya qoyulan vəzifə nədən ibarətdir?
- Futzalçılar bilirlər ki, Avropa çempionatının final mərhələsinə düşməklə, iş bitmir. Minimum məqsədimiz 1/4 finala adlamaqdır.

- Xəyalınızdan keçməyib ki, Bakıya Avropa çempionu olmuş komandanın rəhbəri qismində qayıdasınız?
- Federasiya prezidenti kimi, bu, mənim üçün böyük xəyal, arzudur. İstərdim ki, Vətən qalib dönək, mükafatçılar sırasında olaq.
0