Macarıstan – Azərbaycan: 3371 gündən sonra
19.01.2010 - 11:20
Macarıstan – Azərbaycan: 3371 gündən sonra
Bu gün start götürən futzal üzrə Avropa çempionatının final mərhələsində ilk oyununu meydan sahibləri – Macarıstan yığması ilə keçirəcək Azərbaycan milli komandası tarixində ikinci dəfə bu rəqiblə qarşılaşacaq.

Apasport.az saytının hesablamalarına görə, bu iki yığma tarixində ilk və hələlik sonuncu dəfə 3371 gün əvvəl üz-üzə gəlib. 2001-ci ildə keçiriləcək qitə çempionatının seçmə mərhələsində eyni qrupda yer alan Macarıstan və Azərbaycan futzalçıları onda da rəqibimizin meydanında üz-üzə gəlmişdi. 2000-ci il oktyabrın 27-də Xodmezyovaşarxey şəhərinin idman kompleksində üz-üzə gələn komandalar “sülh”lə ayrılmışdı. C qrupunda keçirilən ikinci tutun matçında tərəflər hərəyə iki dəfə qol sevinci yaşamışdı. Oyunun 11-ci dəqiqəsində İştvan Yavor hesabı açmış, fasiləyə iki dəqiqə qalmış Mahir Eyniyev hesabda tarazlıq yaratmışdı. 24-cü dəqiqədə Ağatahir Əzimov millimizi qələbəyə yaxınlaşdırsa da, final fitinə 2 dəqiqə qalmış Ferents Kenoş meydan sahiblərini məğlubiyyətdən xilas etmişdi.

Həmin vaxt Hacıbala Abdullayevin Macarıstana apardığı yığma oyunçularından indi də millidə oynayan var. Rizvan Fərzəliyev ikinci dəfə Macarıstanı fəth etməyə gedib.

Qeyd edək ki, 10 il əvvəl Macarıstanda keçirilən oyunların nəticələrinə əsasən final mərhələsinə Azərbaycan, Macarıstan və Litvanı qabaqlayan Hollandiya vəsiqə qazanmışdı.
0