Rauf Əliyev Macarıstana qalib gəlməyin yolunu göstərdi
19.01.2010 - 11:34
Rauf Əliyev Macarıstana qalib gəlməyin yolunu göstərdi
“Yığmamızın Avropa çempionatının final mərhələsinə düşməsi böyük uğurdur. Həm onların özləri, həm federasiya, həm də Azərbaycan üçün”. Bunu apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbiri ilə söhbətində AFFA-nın I vitse-prezidenti Rauf Əliyev deyib.

Assosiasiya rəsmisi bildirib ki, Avropa çempionatının final mərhələsinə qatılan futzal yığmamızın qarşısına hansısa vəzifə qoyulmayıb: “Çətin qrupa düşmüşük. Rəqiblər çox güclüdür. İnanıram ki, bizim komandamız da layiqli mübarizə aparacaq. AFFA rəhbərliyi tərəfindən milli komandanın qarşısına vəzifə qoyulmayıb. Ancaq təbii ki, bu işlə məşğul olan hər bir kəs futzalçılarımızdan uğurlu nəticə gözləyir. Ən azı növbəti mərhələyə - 1/4 finala vəsiqə qazanmaq istəyirik”.

Əliyev bu gün Macarıstanla görüşdə qalib gəlməyin yolunu da göstərib: “Rəqib ev sahibi olduğundan, bizə çətin olacaq. Əsasən ilk 5-10 dəqiqədə diqqətli olmaq vacibdir. Ardınca hər şeyin yaxşı olacağına inanıram. Qələbə qazanmaq şansımız var”.
0