“Bakı” “Birlik kuboku” ilə vidalaşdı – YENİLƏNİB
19.01.2010 - 15:50
“Bakı” “Birlik kuboku” ilə vidalaşdı – YENİLƏNİB
Bu gün Rusiyanın paytaxtı Moskvada MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku turnirinin qrup mərhələsinə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, ilk iki turda olduğu kimi yenə günün ilk oyunları B qrupunda baş tutacaq. Azərbaycanı yarışda təmsil edən son ölkə çempionu “Bakı” üçüncü turda Qazaxıstanın “Aktobe” klubu ilə üz-üzə gələcək. “Olimpiyski” idman kompleksinin manejinə çıxacaq tərəflər mübarizəyə Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Yalnız qələbə halında 1/4 finala vəsiqə qazanacaq Qazaxıstan çempionundan fərqli olaraq, Bülənt Korkmazın yetirmələrinə uduzmamaq da kifayətdir. Bu mənada həlledici əhəmiyyət kəsb edən görüşdən xalsız ayrılacaqları halda isə “Bakı” Tacikistanın “Vaxş” klubunun sensasiya edərək Finlandiya HİK-ini udmasını gözləməlidir.

“Bakı”nın baş məşqçisi Bülənt Korkmaz əsas heyətdə yenə dəyişiklik edib. HİK-lə görüşdə ilk dəqiqələrdən meydanda olan Gürşad Duymuş, Vadim Borets, Venyo, Bəxtiyar Soltanov, Jaba bu dəfə ehtiyatda qalıb. Əvəzində Saşa Yunisoğlu, Mahmud Qurbanov, Elvin Əliyev, Cəmşid Məhərrəmov, Əziz Quliyev əsas heyətdə yer alıblar. Bu dəfə kapitan sarğısı Cəmşidə həvalə olunub.


19 yanvar

14:00. “Bakı” – “Aktobe” - 0:2

Qol: Konstantin Qolovskoy, 23; Averçenko, 54

Qələbə qazanmağa borclu olan “Aktobe”nin qarşılaşmaya daha fəal başlayacağı gözlənilsə də, ilk dəqiqələrdən irəli atılan tərəf “Bakı” oldu. Azərbaycan çempionu oyunun əvvəlində 3 dəfə təhlükəli vəziyyət yaratdı. Lakin 2 dəfə Əziz Quliyev, bir dəfə Elvin Əliyev çərçivəyə düşə bilmədi.

“Aktobe”nin ilk ciddi hücumu isə məntiqi sonluqla nəticələndi. Sağ cinahdan təşkil olunan hücum zamanı qapı önünə göndərilən topa hamıdan tez yetişən Konstantin Qolovkoy başla qapıya dəqiq zərbə vurdu. 24-cü dəqiqədə hesabı açan 35 yaşlı veteran futbolçu az keçməmiş ikinci dəfə “Bakı”nı mərkəzdən başlamağa məcbur edə bilərdi. Lakin Moskvanın “Spartak” və “Dinamo” klublarında oynaması ilə tanınan Qolovskoyun zərbəsi qapı tirinin üstündən keçdi.

Qoldan dərhal sonra 3 oyunçuya isinmə hərəkətləri etməyi tapşıran Bülənt Korkmaz Jaba, Bəxtiyar Soltanov və Venionun hazır olmasını istədi.

Tezliklə məşqçi əvəzetməyə də əl atdı. Lakin bu, məcburi gediş oldu. Belə ki, rəqiblə toqquşmada başından zədə alan Saşa Yunisoğlu yerini Gürşad Duymuşa verməli oldu. Zədələnən 25 yaşlı müdafiəçiyə isə fasiləyədək meydanın kənarında yardım göstərildi.

Birinci hissədə yeganə sarı vərəqə də Saşanın zədələndiyi vaxta təsadüf etdi. Mahmud Qurbanov oyunda ilk xəbərdarlığın müəllifi oldu.

İkinci hissənin əvvəllərində Averçenko komandamızın qapısından ikinci topu keçirərək fərqi artırdı. “Aktobe”nin vurduğu bu qoldan sonra bakılılar bütün komanda ilə irəli atıldı. Belə olan halda istədiyi nəticəni artıqlaması ilə əldə edən qazaxıstanlılar 11 futbolçu ilə müdafiəyə çəkildi. Bu səddi yarmaqda çətinlik çəkən bakılıların istəklərini uzaq zərbələrlə reallaşdırmaqdan başqa çıxış yolu yox idi. Lakin təmsilçimizin zərbələrində dəqiqlik çatmırdı. Buna görə də daha bir əvəzetmə edərək Əziz Quliyevi meydandan çıxaran Korkmaz Fabio Luis Ramimi də “döyüşə atdı”. Uzaq zərbələri seçilən braziliyalı iki epizodda qonaqlara gərginlik yaşatdı. Bir dəfə ona dəqiqlik çatmadısa, digər halda qapıçı çətinliklə qolun qarşısını aldı. Matçın son dəqiqələrində isə Adrianodan ötürmə alan Gürşad əlverişli mövqedə olsa da, təsəlli qolunu vurmaq şansını qaçırdı. “Aktobe”yə 0:2 hesabı ilə uduzan “Bakı” elə qrup mərhələsindəcə Birlik kuboku ilə vidalaşdı.

“Bakı”: 1. Marko Şarliya, 5. Stevan Bates, 7. Mahmud Qurbanov (85. Jaba,46), 8. Ernad Skuliç (21. Veniyo, 46), 14, Elvin Əliyev, 11. Adnan Bərəkət, (27. Bəxtiyar Soltanovç 46) 15. Cəmşid Məhərrəmov (kapitan) (4. Vadim Borets, 46), 29. Əziz Quliyev, 33. Saşa Yunisoğlu, 35. Adriano, 77. Aleksandar Şoliç.

Ehtiyat oyunçukar: 23. Xalidu Sissoko, 4. Vadim Borets, 6. Gürşad Duymuş, 20. Fabio Luis Ramim, 21. Venio, 27. Bəxtiyar Soltanov, 85. Jaba.

Aktobe: 55. Andrey Sidelnikov, 8. Samat Smakov, 23. Yuri Loqvinenko, 25. Maksim Semyonov, 6. Anton Çiçulin, 77. Sergey Skorıx, 17. Konstantin Qolovskoy, 22. Uluqbek Asanbayev, 30. Yevgeni Averçenko, 20. Emil Kenjesariyev, 24. Titi Essomba.
Ehtiyat oyunçular: 3. Taras Duray, 7. Maksat Bayjanov, 10. Aslan Tarabiyev, 14. Dikson Nvankyemi, 19. Murat Tleşev, 27. Sergey Strukov, 29. Sergey Boyçenko.


14:00. HİK - “Vaxş” - 1:1

Turnir cədvəli

1

“Aktobe”

3

2

0

1

4-1

6

2

HİK

3

1

2

0

2-1

5

3

“Bakı”

3

1

1

1

2-2

4

4

“Vaxş”

3

0

1

2

1-5

1

0