“Aktobe”nin futbolçusu “Bakı” üzərində qələbənin sirrini açdı
19.01.2010 - 17:11
“Aktobe”nin futbolçusu “Bakı” üzərində qələbənin sirrini açdı
“Bakı” çox yaxşı komandadır. Uduzmaqlarına baxmayaraq, yaxşı təsir bağışlamağı bacardı”. Bu sözləri apasport.az saytının Moskvaya ezam olunmuş müxbirinə açıqlamasında Qazaxıstanın “Aktobe” klubunun futbolçusu Yevgeni Averçenko deyib.

MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku turnirinin qrup mərhələsində Azərbaycan çempionu 2:0 hesabı ilə məğlub edən qazaxıstanlıların ikinci qolunun müəllifi olan futbolçu qələbənin sirrini açıb. Averçenko təkcə qrupda qalan “Bakı”nın deyil, əvvəlki illərdə də “Aktobe”yə uduzan təmsilçilərimizi nədə üstələdikləri haqda danışıb: “Ümumilikdə maraqlı oyun alındı. Rəqiblə müqayisədə daha çox bəxtimiz gətirdi ki, əlimizə düşən imkanlardan yararlana bildik. Bakılılar isə bunu bacarmadı. Birlik kubokunun son turnirlərində Azərbaycan klublarına qarşı uğurlu oynamağımız səbəbsiz deyil. Belə ki, biz qarşılaşmalara daha böyük istəklə çıxırıq. Bu dəfə də qələbə qazanmaq istəyimiz daha çox idi. Əks halda, qrupda qalacaqdıq. Bu isə bizim üçün uğursuzluq kimi qiymətləndiriləcəkdi. Çünki “Aktobe” Moskvaya turnirin qalibi olmaq üçün gəlib”.

Qeyd edək ki, “Bakı” üzərində 2:0 hesablı qələbə qazanan “Aktobe” 1/4 finala B qrupunun qalibi kimi vəsiqə qazanıb.
0