Milli komandamız Budapeştdə tarix yazdı!!! - YENİLƏNİB
19.01.2010 - 22:13
Milli komandamız Budapeştdə tarix yazdı!!! - YENİLƏNİB
Bu gün Azərbaycan futzalında tarixə düşüb. Belə ki, milli komandamız ilk dəfə Avropa çempionatının final mərhələsində mübarizə aparıb. Yığmamız Macarıstanın paytaxtı Budapeştdə yerləşən “Papp Laslo” İdman Sarayında çıxış edib. A qrupunda yer alan futzalçılarımızın ilk rəqibi elə meydan sahibləri olub.

Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbiri saat 20:30-da başlanmış Macarıstan - Azərbaycan matçının nəticəsini onlayn təqdim edib.


A qrupu
20:30 Macarıstan - Azərbaycan – 1:3
Qollar: Qyursani, 3 - Maşado,1; Serjio, 12; Ediqluson Alves de Souza, 16
Macarıstan: 1.Zoltan Balaj, 2. Jabols Tot, 7.Tamaş Lodi, 11.Janos Madaraş (k), 13.Jolt Qyursani
Ehtiyat oyunçular: 5.Qabor Naqi, 6.Janos Trençseni, 8.Norbert Lovas, 9.Pal Peter Sivak, 14.Zoltan Drot, 19.Andras Anqalos
Baş məşqçi: Mihali Kozma
Azərbaycan: 1.Andrey Tveryankin, 4.Serjio Luis Lukas, 5.Felipe Ribeyro Dos Santos, 8.Rizvan Fərzəliyev, 10.Nilson Maşado
Ehtiyat oyunçular: 3.Sergey Çuykov, 6.Ediqluson Alves de Souza, 9.Qabriel Tyaqu Rodriges, 11.Namiq Məmmədkərimov, 12.Marat Salyanski (k), 14.Vitali Borisov
Joze Alesio da Silva:
Hakimlər: Massimo Combo (İtaliya), Paskal Lemal (Belçika), Aleksandr Remin (Belarus)
Hakim-inspektor: Pedro Anxel Qalan (İspaniya)
UEFA nümayəndəsi: Pedro Dias (Portuqaliya)
Budapeşt. “Papp Laslo” İdman Sarayı.

***Futzalçılarımız təxminən 2 saat öncə oyunun keçiriləcəyi “Papp Laslo” İdman Sarayına gəldilər. Komandamızı oteldən arenayadək iki polis maşını müşayiət etdi.

***Maraqlıdır ki, macarlardan fərqli, milli komandamızın üzvləri arenaya rəsmi geyimdə - qara kostyum və qara qalstukda gəldilər.

***Azərbaycan - Macarıstan oyununun başlanmasına 1,5 saat qalmış Macarıstanın iki şəhərinin gənc komandası arasında yoldaşlıq görüşü başlanır. Bundan sonra isə rəsmi açılış mərasimi olacaq.

***Milli komandamız oyunun startına 40 dəqiqə qalmış məşqə çıxdı.

***Cəzalı durumda olan Rəcəb Fərəczadənin adı protokola daxil edilməyib.

***Açılış mərasimi başlanır. Bütün iştirakçı ölkələrin, o cümlədən Azərbaycanın bayrağı meydançaya gətirilir.

***Təəssüf ki, dövlət himnimiz yarımçıq səsləndirildi.

***Oyuna azarkeş marağının az olması da diqqəti çəkir. 7 minlik arenada bütün yerlərin dolacağı gözlənilirdi. Lakin matçı təxminən 4 minədək tamaşaçı izləyir.

Oyun başlandı.
QOOOOOLLLL
50-ci san. Yığmamız 50-ci saniyədə hesabı açdı. Maşado qüvvətli zərbə ilə toru silkələdi.

2-ci dəq. 16-cı san. Serjio heç nədən qaydaları pozdu. Rəqib komandanın üzvü Qyursaninin yerinə yetirdiyi cərimə zərbəsi qarşısıalınmaz oldu - 1:1.

Baş məşqçi Joze Alesio da Silva oyunun gedişini dəyişmək üçün ikinci “dördlüy”ü meydana buraxdı.

7-ci dəq. Futzalçılarımızın fərqlənmək üçün əla şansları oldu. Tyaqunun nəzarətsiz qalmış boş qapıya göndərdiyi zərbə az qala qol olacaqdı.

Vitali Borisov 2 dəqiqəyə 2 əlverişli qol imkanından yararlana bilmir.

12-ci dəq. İnanılmaz vəziyyət. Serjio inanılmaz. Serjio 3 metrlik məsafədən topu qapıya vurmağı bacarmadı.

12-ci dəqiqə 34-cü saniyə. Nəhayət, Serjio ələ düşən fürsətlərdən birini qola çevirə bildi. O, topu yaxın məsafədən yuxarı küncə göndərdi - 2:1.

15-ci dəq. Tveryankin komandamızı real qoldan xilas etdi. Zoltanın zərbəsini qola çevrilməsinə qapıçımız imkan vermədi.

16-cı dəqiqə 1-ci saniyə. Yığmamızın növbəti qolu. Ediqluson Alves de Souza təkbətək çıxaraq, hesab arasındakı fərqi artırdı.

Macarlar əsasən əks-hücumlarda təhlükəli olurlar. Digər epizodlarda isə meydanda yalnız milli komandamız nəzərə çarpır.

18-ci dəq. Hücuma keçərkən daha bir səhv buraxırıq. Nəticədə meydan sahibləri əks-hücum təşkil edirlər. Tveryankin qüvvətli zərbəni zərərsizləşdirdi.

Macarıstan yığmasının baş məşqçisi taym-aut götürür.

Son saniyədə daha bir qol şansını buraxdıq. Yığmamızın üstünlüyü şəraitində keçən birinci hissə başa çatdı.

İkinci hissə başlandı.

21-ci dəq. Meydan sahibləri ikinci hissəyə iddialı başladılar. Elə ilk hücumdaca qol vura bilərdilər. Əvvəlcə Tveryankin zərbəni qaytardı, ardından Serjio təhlükəni uzaqlaşdırdı.

23-cü dəq. Felipe əks-hücuma keçdi. Onun zərbəsi çöldən tora toxundu.

Bu dəqiqələrdə Macarıstan yığmasının ərazi üstünlüyü var. Rəqib komandamızı meydançanın bizə aid hissəsinə sıxıb.

30-cu dəq. Cərimə zərbəsini yerinə yetirən Maşadonun ötürməsini Felipe qapıya göndərdi, top tirə tuş gəldi. Öz növbəsində macarların da cavab hücumu təhlükəli alındı. Bu dəfə tir bizim köməyimizə gəldi.

Qol epizodları baxımından ikinci hissə kasaddır. Hər halda, yığmamız oyuna nəzarəti itirməyib.

36-cı dəq. Yenə eyni səhvi buraxdıq. Meydançanın mərkəzində topu itirdik, müdafiə xəttimizdə ani çaşqınlıq yarandı. Yaxşı ki, Zoltan Drotun qüvvətli zərbəsi hədəfə düşmədi.

Macarlar tay-aut götürürlər.

Görüşün başa çatmasına 4 dəqiqə qalmış Macarıstan yığmasında qapıçını sahə oyunçusu əvəzləyir. Bu, meydan sahiblərinin məğlubiyyətdən yaxa qurtarması üçün son şansıdır.

Final fitinə 14 saniyə qalmış Joze Alesio da Silva taym-aut götürdü. Demək olar ki, oyunun talehi həll olunub.

Bu da son. Yığmamız ilk oyunda möhtəşəm qələbə qazandı!
0