Kozma: Azərbaycan yığmasına məğlub olmağımızın səbəbi odur ki...
19.01.2010 - 22:49
Kozma: Azərbaycan yığmasına məğlub olmağımızın səbəbi odur ki...
“Azərbaycanla oyunumuz bərabərsəviyyəli oyun oldu. Təəssüf ki, qolları bizim rəqibimiz vurdu. İkinci hissədə fərqlənmək üçün çoxlu şansımız var idi. Ancaq qol epizodlarını reallaşdıra bilmədik”. Apasport.az saytının Budapeştə ezam olunmuş müxbirinin məlumatına görə, bu sözləri Macarıstan futzal yığmasının baş məşqçisi Mihali Kozma deyib.

O, rəhbərlik etdiyi komandanın bu gün Budapeştdə start götürən Avropa çempionatının ilk matçında Azərbaycan milli komandasına məğlubiyyətinin səbəbini açıqlayıb: “Doğma azarkeşlər önündə oynamağın məsuliyyətli olacağını bilirdim. Buna görə də təcrübəli futzalçıları seçmişdim. Azərbaycan yığmasına uduzmağımızın səbəbi odur ki, erkən qol buraxdıq. Erkən qol bizi “sındırdı”.

Məğlubiyyətə baxmayaraq, Kozma nikbinliyini itirməyib. 54 yaşlı çalışdırıcı macarların 1/4 finala çıxmaq şansının qaldığını bildirib: “Heç nə itirilməyib, bizim şansımız hələ qalıb. Bundan yararlanmağa çalışacağıq. Çexiya yığması təcrübəlidir, hər halda, çexlərlə görüşdə bütün bacarığımızı səfərbər edəcəyik”.

Qeyd edək ki, bu gün yığmamız Macarıstanı 3:1 hesabı ilə üstələyib.
0