“Bu, bizə çətinlik törədirdi”
19.01.2010 - 23:36
“Bu, bizə çətinlik törədirdi”
“Avropa çempionatında start çox yaxşı alındı. İlk oyun olduğundan, yetirmələrimdə əsəbilik hiss edilirdi. Həm də futzalçılarımız belə örtüyə malik meydançada oynamağa çətinlik çəkirdilər. Çünki bu meydançada cəmi bir dəfə məşq etmişdik”. Apasport.az saytının Budapeştə ezam olunmuş müxbirinin məlumatına görə, bu sözləri Azərbaycanın futzal üzrə milli komandasının baş məşqçisi Joze Alesio da Silva Macarıstanla görüşdən sonra deyib.

Yığmamız Budapeştin “Papp Laslo” İdman Sarayında təşkil olunan Avropa çempionatının ilk turunda meydan sahibləri üzərində 3:1 hesablı qələbə qazanıb. Silva komandamızın ikinci hissədə zəif nəzərə çarpmasına aydınlıq gətirib: “3:1 hesabı bizi tam təmin edirdi. Bundan başqa, meydança öz oyun üslubumuzda çıxış etməyə imkan vermirdi. Fərdi baxımdan heç kimi fərqləndirməzdim. Biz fərdi yox, komanda şəklində yaxşı oynayırıq. Onu da deyim ki, Macarıstan yığması da yaxşı müdafiə xəttinə malikdir”.

Braziliyalı mütəxəssis vurğulayıb ki, yanvarın 21-də Çexiyaya qarşı keçiriləcək matçda komandamız tam heyətdə olacaq: “Bizim heyətlə bağlı problemimiz yoxdur. 11 oyunçumuz var. Çexlərlə qarşılaşmaya qədər Rəcəb Fərəczadənin cəzası bitəcək və o, komandada olacaq”.
0