Serjio: İkinci hissə xoşuma gəlmədi
20.01.2010 - 03:26
Serjio: İkinci hissə xoşuma gəlmədi
“İlk oyun həmişə çətin olur. Hesabı erkən açdıq, elə tez də qapımızda cavab qolunu gördük. Əgər bərabərlik qolunu tez buraxmasaydıq, asan qələbə qazanardıq”. Apasport.az saytının Macarıstanın paytaxtı Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu sözləri Azərbaycan futzal yığmasının üzvü Serjio Luis Lukas deyib.

Braziliyalı oyunçu Macarıstanda start götürən Avropa çempionatının ilk turunda meydan sahibləri üzərində 3:1 hesablı qələbədən danışıb. Yığmamızın ikinci qolunun müəllifi olan Serjio rəqib komandanın fərqlənməsini azarkeş amili ilə əlaqələndirib: “Qol buraxmaqda biz özümüz günahkarıq. Həm də azarkeş amilini də nəzərə almaq lazımdır. Yerli komandaya azarkeşlik edənlərin hamısı macarları dəstəkləyirdi, qışqırırdı, onları qol vurmağa səsləyirdi. Buna baxmayaraq, fasiləyədək ikinci və üçüncü qolu vurduq”.

Serjionun da oyundan narazı qaldığı məqamlar olub: “İkinci hissə xoşuma gəlmədi. Çünki çox müdafiə olunduq. Əlbəttə, bu taktiki gediş idi. 3:1 hesabı ilə qalib gəlirdik. Buna görə də topu özümüzdə daha çox saxlamağa çalışırdıq”.
0