Qəm yemə, “Bakı”!
20.01.2010 - 11:37
Qəm yemə, “Bakı”!
İlk dəfədi ki, futbol klublarımızdan birinin beynəlxalq səviyyəli yarışda mübarizəni dayandırmasına zərrə qədər də üzülmürəm. Söhbət əlbəttə ki, "Birlik kuboku"nda qarşısına qoyduğu məqsədə çata bilməyən "Bakı"dan gedir. "Zolaqlılar" qrupdan çıxmaq üçün sadəcə, "Aktobe" ilə heç-heçə etməliydi ki, bunu da bacarmadılar.

İndi "Bakı" rəhbərliyinin necə üzüldüyünü, bədbinliyə qapıldıqlarını təsəvvür edirəm. Axı onların böyük planları vardı. Bakılıların yalançı uğurla vətənə dönmək, hava limanında gül-çiçəklə qarşılanmaq, prezidentin qəbuluna düşmək kimi arzuları ürəyində qaldı.

"Bakı" avrokuboklardakı fiaskodan sonra bütün ümidlərini məhəllə xarakterli "Birlik kuboku"na bağlamışdı. Di gəl ki, çempionumuz bu cılız tapşırığın da öhdəsindən gələ bilmədi, bacarmadı. Halbuki...

Düşünməyin ki, məndə "Bakı"ya qarşı antipatiya var. Əsla belə deyil. Komandamızın "Aktobe"yə yenilməsinə üzülməsəm də, sevinmirəm. Çünki bunun üçün nə sevinməyə, nə də üzülməyə dəyər. İnsan sadəcə, susmaq istəyir ki, bunu da bacarmıram.

"Bakı"nın, ölkəmizin ən imkanlı, ən perspektivli klubunun düşdüyü durum acı gülüş doğurur. Çempionun "Birlik kuboku"na qatılmasına hardasa haqq qazandırmaq olar. Halbuki yarış ərəfəsində futbol ictimaiyyətində, o cümlədən həmkarlarımızın sırasında yer alan bir çox adam "Bakı"nın Moskvaya getməli olmadığını söyləyirdi. Amma "zolaqlılar"ın deyilənləri qulaqardına vurub, Rusiyaya getməyi üstün tutması bir yana, klub rəsmiləri Moskvaya "Birlik kuboku"nu qazanmaq üçün yollandıqlarını söyləyirdilər. Onların cılız bir hədəfin xəyalı ilə yaşaması futboldan az-çox başı çıxan adamları utandırmaya bilməz. Axı biz hansı zəmanədə yaşayırıq? "Bakı"nın tayları ən azı Avroliqanın qrup mərhələsində var-gəl etdiyi bir vaxtda, çempionumuz məhəllə xarakterli turnirin qalibi olmaq arzusu ilə yaşayır. Ən biabırçısı da odu ki, bu hədəfə çatmağı da bacarmır.

Mirzə Ələkbər Sabir nahaq yerə deməyib ki, "əcnəbilər seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz"...

Ziyanın yarısından da qayıtmaq xeyirdi. Kim bilir, "Bakı" turnirdə mübarizəni davam etdirsəydi, Moskvada neçə oyunçusunu itirəcəkdi. Axı süni örtüklü meydançada futbolçuların zədələnmə ehtimalı daha çoxdu. Digər tərəfdən, "zolaqlılar"ın "Birlik kuboku" ilə erkən vidalaşması onların daha tez əlverişli şəraitdə təlim-məşq toplanışına başlaması anlamına gəlir ki, vacib olanı da budu. Odu ki, qəm yemə, "Bakı"!

Şamo, Futbol-Ekspress qəzeti
0