Andrey Bal: “Neftçi”ylə oyun göstərdi ki...
20.01.2010 - 11:45
Andrey Bal: “Neftçi”ylə oyun göstərdi ki...
“Neftçi” ilə oyunu iki heyətlə keçirdik. Bu səbəbdən də dörd futbolçu istisna olmaqla bütün oyunçuları yoxlaya bildik”. Apasport.az saytının məlumatına görə bu sözləri Ukraynanın “Çernomorets” klubunun baş məşqçisi Andrey Bal deyib.

SSRİ milli komandasının və Kiyev “Dinamo”sunun sabiq futbolçusu yetirmələrinin “Neftçi” ilə keçirdiyi yoxlama oyunu haqda fikirlərini açıqlayıb. O, Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan və təmsilçimizin 1:0 hesabı ilə qalib gəldiyi görüşdə oyunçularını qınayıb: “Bakılılarla qarşılaşmada baxışda olan futbolçuları da sınadım. Meydana yoxlamaq üçün buraxdığım oyunçular pis təsir bağışlamadı. Birinci hissədə oyuna nəzarəti ələ almışdıq. Lakin müdafiədəki anlaşılmazlıqdan sonra qapımızda üzücü qol gördük. “Çernomorets”in üstünlüyünə baxmayaraq, “Neftçi”nin qapısı ağzında təhlükə yarada bilmədik. İkinci hissədə meydana tam başqa heyət buraxdıq. Bunun nəticəsi idi ki, 3 real qol vəziyyəti yaratdıq. Lakin heç birindən yararlana bilmədik. “Neftçi” ilə oyun göstərdi ki, imkanlardan yararlanmaq üzərində hələ çox çalışmalıyıq”.

Qeyd edək ki. “Çernomorets”lə qarşılaşmada bakılıların qolunu Vladimir Voskoboynikov vurub.
0