Aleks Ferqyusson zirvədə, bəs bizimkilər haradadır?
20.01.2010 - 11:58
Aleks Ferqyusson zirvədə, bəs bizimkilər haradadır?
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 14 il üçün dünyanın ən yaxşı məşqçilərinin siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, 1996-cı ildən başlayaraq ilin ən yaxşı məşqçilərini açıqlayan qurum sorğuların nəticələrini ümumiləşdirib. 130 mütəxəssisin yer aldığı siyahıda ilk pillə İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Aleks Ferqyussona məxsusdur. Hesabında 87 xal olan şotland çalışdırıcı ən yaxın izləyicilərini böyük fərqlə arxada qoyub.

İkinci olan italyan Marçello Lippi və fransız Arsen Venger hərəyə 58 xal toplayıb. Hesabat dövründə Türkiyə milli komandası və “Qalatasaray”da işləmiş Fatih Terim 13 xalla planetin 32-ci məşqçisi olub. Onun həmyerlisi Şenol Günəş 8 xalla 54-cü yerdə qərarlaşan məşqçilər arasındadır.

Qeyd edək ki, dünyanın 130 mütəxəssisi arasında azərbaycanlı məşqçiyə yer tapılmayıb.
0