3 penalti, 1 qırmızı: “Xəzər-Lənkəran” ikinci görüşdə uduzdu - YENİLƏNİB
20.01.2010 - 21:11
3 penalti, 1 qırmızı: “Xəzər-Lənkəran” ikinci görüşdə uduzdu  - YENİLƏNİB
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” bu gün ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, cənublular “Susesi” otelinin stadionunda Rusiya Premyer Liqasında mübariz aparan “Sibir”lə qarşılaşıb.

20 Yanvarın faciəsinin ildönümü ilə əlaqədar Lənkəran təmsilçisi və Rövşən Əhmədovun başçılıq etdiyi hakimlər briqadası meydana qara sarğı ilə çıxmışdılar. “Xəzər-Lənkəran” rəhbərliyinin təşəbbüsü ilə 20 il əvvəl Vətən uğrunda şəhid olanların xatirəsi oyundan öncə 1 dəqiqəlik sükutla yad olundu.

Güclü yağış altında başlayan oyunda hesabı öncə “Sibir” aça bilərdi. Amma rusiyalılar artıq 10-cu dəqiqədə penalti zərbəsindən istifadə edə bilmədilər. Dmitri Kramarenko rəqib futbolçunun zərbəsinin qarşısını məharətlə aldı. Əvəzində “Xəzər-Lənkəran” az sonra hesabda öncə çıxdı. Bu dəfə Rövşən Əhmədov kobud oyuna görə “Sibir”in qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi ki, bolqarıstanlı hücumçu İvan Svetkov şansını qola çevirdi – 1:0

Amma lənkəranlılar fasiləyə üstün durumda yollana bilmədilər. Belə ki, Rövşən Əhmədov hissənin sonlarında Kramarenkonun rəqibə qarşı kobud oynadığını əsas gətirib növbəti dəfə penalti nöqtəsini göstərdi. Bu azmış kimi ona ikinci sarı göstərərək, meydan qovdu. Kamran Ağayev yüngül zədə aldığından Kramarenkonu gənc qapıçı Zabit Səfərov əvəzlədi. O, rus futbolçunun penalti zərbəsinin istiqamətini düzgün müəyyənləşdirsə də, qolun qarşısını ala bilmədi – 1:1. Bundan az sonra “Xəzər-Lənkəran” da ikinci dəfə penalti vurmaq şansı qazana bilərdi. Amma bu dəfə Əhmədovun fiti susdu. Əvəzində “Sibir” daha bir qol vuraraq, fasiləyə üstün durumda yollandı – 2:1.

Baş məşqçi Ağasəlim Mircavadov ikinci hissədə baxışda olanları meydana buraxmadı. Qarşılıqlı hücumlar şəraitində keçən ikinci 45 dəqiqədə iki qol vuruldu. Öncə rusiyalılar hesab arasındakı fərqi artırdılar – 3:1. Ardından lənkəranlılar 2 real qol vəziyyətindən yararlana bilmədilər. Buna baxmayaraq, ikinci hissədə meydana çıxan Ceyhun Sultanov yaxın məsafədən komandasını ikinci topunu vurdu. Amma bu, təsəllidən başqa bir şey olmadı və “Xəzər-Lənkəran” ilk yoxlama oyunundan fərqli, bu dəfə meydanı məğlub tərk etdi.

Xatırladaq ki, Mircavadovun komandası yanvarın 17-də Rusiyanın birinci divizionunda çıxış edən “Vityaz” klubunu 1:0 hesabı ilə üstələmişdi.
0