Zaur Axundov: İstəməzdik ki, İtaliya yığması ilə belə erkən qarşılaşaq
20.01.2010 - 13:29
Zaur Axundov: İstəməzdik ki, İtaliya yığması ilə belə erkən qarşılaşaq
“Macarıstan yığması üzərində qələbə münasibətilə hamını təbrik edirəm. Zalda rəqibimizin minlərlə azarkeşi var idi. Bu qədər azarkeşin qarşısında oynamaq çətin idi. Buna baxmayaraq, futzalçılarımız layiqli mübarizə aparıb, bizə qələbə bəxş etdilər”. Bunu Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbiri ilə söhbətində deyib.

Milli komandamızın Macarıstanda təşkil olunan Avropa çempionatında uğurlu startı haqda danışan Axundov ilk görüşdə taktiki gedişlərə əl atdıqlarını bildirib: “İkinci hissədə nisbətən zəif təsir bağışlamağımız taktiki gediş idi. Çünki birinci hissədə çox güc itirmişdik. Fasilədə məşqçi tapşırıqlarını verdi və macarların daha çox hücum etməsinə şərait yaratdıq. Biz isə oyunu müdafiədən qurmağa başladıq. Sonda bu taktika öz bəhrəsini verdi”.

Federasiya prezidenti vurğulayıb ki, yığmamızın 1/4 finala yüksəldiyini demək tezdir: “İndidən bunu demək olmaz. Yanvarın 21-də Çexiya ilə oyunumuz var. Bundan sonra qrupdakı vəziyyətə daha çox aydınlıq gələcək. Bizim 1/4 finaldakı potensial rəqiblərimizdən İtaliyanın Belçikanı 4:0 hesabı ilə məğlub etməsini bilirik. İstəməzdik ki, İtaliya ilə belə erkən - 1/4 finalda qarşılaşaq. Belçika və ya Ukrayna yığmaları arasında isə kiminlə oynamağımız fərq etməz. Taktiki, fiziki cəhətdən hazırıq. Biz fikirləşdiyimiz kimi olsa, komandamız yarımfinala qədər irəliləyəcək”.

Qeyd edək ki, yığmamız açılış oyununda Macarıstana 3:1 hesabı ilə qalib gəlib.
0