Azərbaycan – Çexiya: qisas anına 1 gün qalıb
20.01.2010 - 13:40
Azərbaycan – Çexiya: qisas anına 1 gün qalıb
Macarıstanda keçirilən Avropa çempionatının final mərhələsində iştirak edən Azərbaycan milli komandası yarışdakı ikinci oyununda Çexiya yığması ilə görüşəcək.

Apasport.az saytının hesablamalarına görə, sabahkı görüş komandalar arasında 4-cü duel olacaq. Azərbaycanlı futzalçılar üçün çexlərlə budəfəki matç qisas xarakteri də daşıyır. Çünki indiyə qədərki bütün oyunlarda sevinən tərəf rəqiblərimiz olub. Əslində Azərbaycan və Çexiya yığmaları Avropa çempionatları tarixində ilk dəfə üz-üzə gəlir. Əvvəlki qarşılaşmalar isə dünya birinciliyi, daha doğrusu, mundialın seçmə mərhələsi çərçivəsində baş tutub.

Futzalçılarımızın sabahkı rəqiblə ilk görüşü tariximizə qara hərflərlə yazılıb. 1995-ci ildə yaradılan futzal yığmamız tarixi ərzində ən acınacaqlı məğlubiyyəti məhz Çexiya ilə matçda alıb. Həmin il oktyabrın 28-də Hollandiyanın Den Boş şəhərində keçirilən qarşılaşmada millimiz 2:10 hesabı ilə darmadağın olub. Bu, 1996-cı ildə İspaniyada keçirilən dünya çempionatının seçmə oyunu idi. Çexlərdən nə əvvəl, nə də sonra heç kim komandamızı belə üstələyə bilməyib: nə 10 və daha çox qol vuran olub, nə də 8 və daha böyük fərqlə udan.

Dörd il sonra Qvatemalada təşkil olunan dünya çempionatının seçmə mərhələsi yenə Azərbaycanla Çexiyanı üz-üzə qoyub. Xorvatiyanın məşhur turist şəhəri Karlovatsda baş tutan oyun martın 2-nə təsadüf edib. 1995-ci ildəkindən fərqli olaraq, rəqibə müqavimət göstərən futzalçılarımız bu dəfə 4:8 hesabı ilə uduzub.

Cəmi 22 ay əvvəl – 2008-ci ilin martında isə mundialın seçmə oyunları Çexiyada baş tutub. Yenə də martın 2-də çexlərlə görüşən komandamız 1995, hətta 2000-ci ildəki “asan yem” olduqları vaxtların arxada qaldığını sübut edib. Düzdür, doğma meydan amilindən yararlanan Çexiya millisi qələbə qazana bilib. Amma bu, 10:2 və ya 8:4 deyil, çətinliklə əldə olunan 3:2 hesabı olub.
0